Azərbaycanda cüdo məşqçilərinə futbol qaydası tətbiq olunacaq

Azərbaycanda cüdo məşqçilərinə futbol qaydası tətbiq olunacaq Beynəlxalq Cüdo Federasiyasının (İJF) xüsusi sertifikatına malik olmayan şəxslər yarışlarda məşqçi kimi iştirak edə bilməyəcək
Fərdi
28 Fevral , 2022 11:11
Azərbaycanda cüdo məşqçilərinə futbol qaydası tətbiq olunacaq
Rəşad Rəsullu

Beynəlxalq Cüdo Federasiyasının (İJF) xüsusi sertifikatına malik olmayan şəxslər beynəlxalq yarışlarda məşqçi kimi iştirak edə bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərə açıqlamasında bildirib.

ACF rəsmisi futbolda olduğu kimi, sertifikatı olmayan şəxslərin 2023-cü ilin yanvarından tatamidən kənarda idmançılara göstəriş verə bilməyəcəklərini söyləyib: "Azərbaycanda heç bir mütəxəssisin belə sertifikatı yoxdur. Biz bunu aradan qaldırmalıyıq. İJF ilə anlaşmamıza əsasən 46 məşqçimiz martın 7-dən Beynəlxalq Cüdo Akademiyasında təhsil almağa başlayacaq. Milli komandanın bütün məşqçiləri bu prosesə qoşulacaqlar. Avqust-sentyabrda proqram yekunlaşacaq. Ümid edirəm ki, hər kəs sertifkatı ala biləcək. Çünki bu, kifayət qədər dolğun və intizam tələb edən proqramdır. Əminəm ki, məşqçilərimiz bu imkanı müsbət dəyərləndirəcək. Biz aparıcı klubların məşqçilərini də buraya dəvət etmişik".

Rəsullu milli komandaya cəlb etdikləri baş məşqçi Riçard Trautman və performans direktoru Mark van der Hamı xeyli namizəd arasından seçdiklərini söyləyib: "Seçim prosesi bir günün yox, iki-üç ayın işi oldu. İlk növbədə, cəlb edəcəyimiz baş məşqçinin işi, göstərdiyi nəticələr, işində tətbiq etdiyi elmi və fərdi yanaşma nəticəsində seçim prosesinə başladıq. 20-25 mütəxəssisi dəyərləndirdikdən sonra seçimimizi etdik. Mövlud Mirəliyev və digər məşqçilərin bu prosesdən xəbərləri var idi. Yeni məşqçilər həqiqətən də bacarıqlıdırlar. Beynəlxalq aləmdə də bu seçimimizə çox müsbət yanaşdılar. Bizim məşqçilər Azərbaycan qonaqpərvərliyini və peşəkarlığı əsas götürərək, bu seçimə normal yanaşdılar. Texniki-tibbi heyətimiz və digər mütəxəssislərimiz birgə çalışacaqlar".

Qeyd edək ki, futbolda Pro lisenziyası olmayan baş məşqçilərin beynəlxalq oyunlarda texniki zonada yer almalarına icazə verilmir.

Son xəbərlər

Orphus sistemi