Bakı. 15 fevral. REPORT.AZ/ Həftəsonu Azərbaycanda ilin ilk beynəlxalq idman yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək.
“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında (MGA) təşkil olunacaq "AGF Trophy"də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparacaq. Azərbaycan, Avstraliya, Almaniya, ABŞ, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Əlcəzair, Kanada, Çin, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, İspaniya, İsveç, İsveçrə, Yaponiya, Qazaxıstan, Meksika, Yeni Zelandiya, Polşa, Portuqaliya, Rusiya, Türkiyə, Ukrayna və Özbəkistandan olan iştirakçılar arasında 7 olimpiya mükafaçısı da var. Bunlar belaruslu Vladislav Qonçarov, kanadalı Rozanna Maklennan və Burinet Ceyson, çinli Donq Donq və Qao Ley, britaniyalı Brayoni Peyc və rusiyalı Dmitri Uşakovdur.
2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunun açılış mərasimi fevralın 16-da, saat 10:00-a təyin edilib. İlk gündə təsnifat, ertəsi isə final yarışları olacaq.
Nurlana Məmmədzadə: “MGA-da tamaşaçıları maraqlı yarış gözləyir”
Yarışa hazırlıqla bağlı "Report"a danışan Azərbaycan Gimnastika Federasiyanın (AGF) baş katibi Nurlana Məmmədzadə bildirib ki, bəzi ölkələrin yığmaları təlim-məşq toplanışı üçün Bakıya erkən gəliblər: “Beynəlxalq yarışlar mövsümünü batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku ilə açırıq. Yarışda Azərbaycan da daxil olmaqla, 30 ölkənin 160-dan çox idmançısı iştirak edəcək. Artıq bir çox ölkələrin nümayəndə heyətləri Bakıdadır. Turnir ərəfəsində 8 ölkənin yığma komandaları təlim-məşq toplanışı üçün ölkəmizə təşrif buyurub. Bunlara misal olaraq, Qazaxıstan, Özbəkistan, Bolqarıstan və Yeni Zelandiyanı göstərmək olar. Əcnəbi idmançıların beynəlxalq yarışlar ərəfəsində Bakıda toplanış keçmələri ənənəyə çevrilib. Təbii ki, bu da MGA-da olan şəraitin ən yüksək tələblərə cavab verməsindən xəbər verir”.
Federasiya rəsmisinin sözlərinə görə, Dünya Kubokunun 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakterli olması rəqabətə və azarkeş marağına müsbət təsir edəcək: “Batut gimnastikası üzrə builki yarışın əsas fərqi “Tokio 2020”yə təsnifat xarakteri daşımasıdır. Bu idman növündə 2016 və 2017-ci illərdə də Dünya Kuboku keçirmişik. Ötən il isə ilk dəfə batut gimnastikası və tamblinq üzrə Avropa çempionatına ev sahibliyi etmişik. 2017-ci illə müqayisədə, indiki Dünya Kubokunda iştirakçı ölkələrin sayı ikiqat çox olacaq. Bunun da bir sıra səbəbləri var. Amillərdən biri xarici ölkələrin Azərbaycanda təşkil edilən yarışların səviyyəsinə bələd olmalarıdır. İkincisi isə bu turnir Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Yarışda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 6 nümayəndəsi iştirak edəcək. Əvvəlki Dünya Kuboklarında isə bir nəfər gəlmişdi. Nümayəndələrin saylarının artırılması da yarışın təsnifat xarakterli olmasından irəli gəlir. Bu Dünya Kubokunda daha böyük rəqabət olacaq. Yerli tamaşaçıları maraqlı yarış gözləyir. Çünki olimpiya ulduzları Bakıdadır”.
Baş katib 2019-cu ildə Azərbaycanda keçiriləcək digər gimnastika yarışlarından da söhbət açıb. O, MGA-nın bu müddətdə 3 Dünya Kuboku, 1 dünya və 2 Avropa çempionatına, eləcə də Avropa Gənclər Olimpiya Festivalı kimi nüfuzlu yarışlara ev sahibliyi edəcəyini söyləyib: “2016-cı ildən 3 olimpiya növü - bədii gimnastika, idman gimnastikası və batut gimnastikası üzrə yarışlar təşkil edirik. Bu il lisenziya xarakterli 2 Dünya Kuboku və 1 dünya çempionatına ev sahibliyi edəcəyik. Həftəsonu start götürəcək yarışdan əlavə, martın 14 - 17-də idman gimnastikası üzrə Dünya Kuboku da təsnifat xarakterli olacaq. Bədii gimnastika üzrə 26 - 28 apreldə Dünya Kubokunun finalını, 16 - 19 mayda Avropa çempionatını təşkil edəcəyik. 24 - 26 mayda isə aerobika üzrə Avropa çempionatı nəzərdə tutulub. 20 - 28 iyulda paytaxtda ilk dəfə daha bir mötəbər yarış - Avropa Gənclər Olimpiya Festivalı gerçəkləşəcək. Bu festival çərçivəsində idman gimnastikası üzrə yarışlar olacaq. İlin son yarışı isə 16 – 22 sentyabrda keçiriləcək lisenziya xarakterli bədii gimnastika üzrə dünya çempionatıdır. İlk mundial Azərbaycanda 2005-ci ildə keçirilib. Həmçinin aprel ayı üçün “AGF Junior Trophy” beynəlxalq turniri nəzərdə tutulub”.
N.Məmmədzadə Azərbaycan idmançılarının “Tokio 2020”yə vəsiqə şanslarını da dəyərləndirib. O, deyib ki, yeni qaydalar Azərbaycan, eləcə də digər ölkələrin gimnastlarının olimpiadaya lisenziya şanslarını artırır: “İdmanda öncədən proqnoz vermək çətindir. Azərbaycan yığma komandaları qarşıdakı yarışlara da çox ciddi hazırlaşırlar. Onlardan ilk növbədə, yaxşı çıxış gözləyirik. Lisenziyaya gəlincə, indi yeni qaydalara əsasən, həm dünya və Avropa çempionatları, həm də Dünya Kubokları təsnifat xarakteri daşıyır. Əvvəlki olimpiya tsiklində isə lisenziyanı dünya çempionatlarında və test turnirlərində əldə etmək mümkün idi. Yeni qaydalar Azərbaycan, eləcə də digər ölkələrin gimnastlarının olimpiadaya düşmə şanslarını artırır”.
Millinin baş məşqçisi: “Bakıda çıxış etmək bizim üçün həm üstünlük, həm də məsuliyyətdir”
Batut gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi Vladimir Şulikin də turnir ərəfəsində fikirlərini bölüşüb. O, lisenziya xarakterli Dünya Kubokuna uğurlu start vermək istədiklərini söyləyib: “2019-2020-ci illərdə Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Həmin turnirlərdə ilk 4 yeri tutanlar lisenziya xalları əldə edəcəklər. Bu, lisenziya xarakterli ilk yarışdır və uğurlu başlanğıc etmək istəyirik. Yeganə problem komandamızın lideri İlya Qrişuninin belindəki zədədir. Düzdür, müalicə alıb, artıq ağrılar yoxdur. Ancaq zədə onun yarışa tam şəkildə hazırlaşmasına mane oldu. Növbəti Dünya Kuboklarında formasını toplayacaq. İstənilən halda, lisenziya xalları üçün mübarizə aparacağıq”.
Yığma üzvlərinin medal və lisenziya şanslarından söhbət açan 39 yaşlı mütəxəssis bunun üçün çalışdıqlarını deyib: “Sinxron tullanmalardan medal qazanmaq şansımız var. Fərdi mübarizədə bu, hələlik çətindir. Xallar 30-cu yerdən başlayaraq verilir. Daha çox xal topladıqca yüksəlməyə başlayırsan. Tamblinqdə Mixail Malkinin yaxşı şansı var. O, qızıl medal üçün mübarizə apara bilər. Olimpiadada batut üzrə 16 idmançı çıxış edir. Ona görə də “16-lığ”a düşmək çox çətindir. Bu il Dünya Kubokunun 4, gələn il isə 2 mərhələsi olacaq. Gimnastlar bu yarışlarda topladıqları xallara uyğun olaraq reytinqdəki mövqelərinə əsasən olimpiadaya vəsiqə qazanacaqlar. İşləyəcəyik. Əsas məqsəd olimpiadaya vəsiqə qazanmaqdır. Dünyanın ən güclü gimnastları Bakıya toplaşır. Dünya Kuboku demək olar ki, mundial səviyyəsindədir. Favoritlərdən danışırıqsa, Çin, Rusiya və Belarusun adlarını çəkmək olar. Fikrimcə, sonuncu dünya çempionatının medalçıları yenə də iddialılar sırasında yer alacaqlar. Çox gərgin mübarizə olacaq. Psixoloji baxımdan da yaxşı hazır olmalıyıq”.
Baş məşqçi onları il ərzində ağır yarışların gözlədiyini də vurğulayıb: “Yarışa batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ilə start verilsə də, il ərzində MGA-da dünya və Avropa çempionatları kimi mötəbər yarışlar da olacaq. Yerli publika önündə çıxış etmək bizim üçün həm üstünlük, həm də məsuliyyətdir. Ağır il olsa da, bizdə alınacağına inanıram. Bir çox ölkə yarış ərəfəsində MGA-da təlim-məşq toplanışı keçmək üçün Bakıya gəlib. Buradakı şərait ən yüksək səviyyədədir, bir dəfə görən təkrar qayıtmaq istəyir. 2020-ci ildə Dünya Kuboku, 2021-ci ildə isə gənclər və böyüklər arasında dünya çempionatı olacaq. Həmin yarışlara qədər daha da püxtələşəcəyimizə və layiqincə çıxış edəcəyimizə inanıram”.
Mixail Malkin: “Yalnız qızıl medala köklənmişəm”
Ötən il Bakıda ilk dəfə təşkil olunmuş batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında qızıl medal qazanmış Mixail Malkin hədəfinin yenidən birinci yer olduğunu deyib. Gənc tamblinqçi özünə inandığını vurğulayıb: “Yarışa çox yaxşı hazırlaşırıq. Dünyanın aparıcı idmançıları Bakıya gəlir. Lakin doğma azarkeşlər önündə çıxış etmək bizim üçün əlavə motivasiya, üstünlükdür. Bu səbəbdən, mənim üçün asan olacağını düşünürəm. Məqsədim qızıl medaldır. Gümüş və bürünc medal haqda düşünmürəm. Yalnız “qızıl”a köklənmişəm”.
Malkin rusiyalı son dünya çempionu Vadim Afanasyevi əsas rəqibi adlandırıb: "Bakıdakı Avropa çempionatında qızıl medal qazandığım vaxt Afanasyev bürünc mükafatçı oldu. Mundialda isə ona zədəm olduğu üçün uduzdum. Digər idmançılarımıza gəlincə, batutda Ruslan Ağamirovla İlya Qrişuninin sinxron yarışında “üçlüy”ə düşməsini gözləyirik. Qrişunin fərdi mübarizədə də finala vəsiqə qazana bilər”.
İkiqat olimpiya çempionu: “Bakıya məndən də güclü idmançılar gəlib”
Dünya Kubokunun əsas favoritlərindən biri də batut üzrə fərdi yarışlarda 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi Rozanna Maklennan olacaq. 31 yaşlı kanadalı idmançı birinçilik üçün mübarizə aparacağını, lakin özünü favorit qismində görmədiyini deyib: “Bakını, MGA-nı çox bəyənirəm. Hazırlıq prosesimiz çox yaxşı gedir. Gözləntim qızıl medal qazanmaqdır. Özümü yarışın favoriti hesab edirəmmi? Bura məndən də güclü idmançılar gəlib. Ona görə də özümü daha şanslı saymıram".
Tanınmış idmançı Azərbaycanın gənc gimnastlarına tövsiyə də verib: “Onlara gimnastikanı sevməyi və öz işlərinə köklənmələrini məsləhət görərdim. Nəticədən daha çox bu idman növündən həzz almağı düşünsünlər. Mən batutu sevdiyim üçün uğur qazanmışam”.
Əcnəbi baş məşqçi: “Braziliyada futbol daha məşhurdur”
Batut üzrə Braziliya milli komandasının baş məşqçisi Tatyana Fiqueyredo isə ilk dəfə bu cür yarışa qatıldıqlarını bildirib: “İlk dəfədir Bakıya gəlirik. Milli Gimnastika Arenasındakı şərait çox ürəyimizcədir. Bura tam bir gimnastika evidir. Bu, bizim hazırkı heyətdə yer alan idmançıların ilk yarışıdır. Braziliyada daha çox idman gimnastikası və əlbəttə ki, futbol daha məşhurdur. Batutda yeniyik”.
Qeyd edək ki, Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edəcək. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparacaq.