Halil Mutlu: "Məni gözü götürməyənlər dopinqlə üz-üzə qoydu"

Halil Mutlu: "Məni gözü götürməyənlər dopinqlə üz-üzə qoydu" Türkiyənin ağırlıqqaldırma üzrə üçqat Olimpiya, beşqat dünya və doqquzqat Avropa çempionu Halil Mutlunun "Report"un Konyaya ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi
Fərdi
10 Avqust , 2022 18:04
Halil Mutlu: Məni gözü götürməyənlər dopinqlə üz-üzə qoydu

Türkiyənin ağırlıqqaldırma üzrə üçqat Olimpiya, beşqat dünya və doqquzqat Avropa çempionu Halil Mutlunun "Report"un Konyaya ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi

– Hazırda Konyada V İslam Həmrəyliyi Oyunları keçirilir. Yarışla bağlı təəssüratlarınız necədir?

– Bildiyiniz kimi, daha öncə bu yarış Azərbaycanda keçirilmişdi. Ora da getmək istəmişdim, amma alınmamışdı. Azərbaycan da bizə əcnəbi ölkə deyil. Ancaq sizinlə həmişə Azərbaycanda qarşılası deyilik ki (gülür). Bu dəfə də Türkiyədə qarşılaşdıq. Ev sahibliyi etmək bizim üçün böyük məsuliyyət, eyni zamanda fəxr və qürur hissidir. Üstəlik, sizin kimi ölkə idmançılarını qəbul etmək ayrı bir şərəfdir. Türkiyəli, azərbaycanlı – fərq qoymadan hamısını sonda buradan yaxşı yola salmaq istəyirik. Yaxşı olanları mükafatlandıracağıq, digərlərini də alqışlayacağıq.

– Azərbaycanda neçə dəfə olmusunuz?

– Çox olmuşam. Pandemiya səbəbindən son vaxtlar çox getməmişəm. Yoxsa əvvəllər ildə 1-2 dəfə Azərbaycana gedirdim. İnşallah, qarşıdakı yaxın aylarda yenidən Azərbaycanda olacağımı düşünürəm.

– Pandemiya vaxtı Azərbaycan həm də digər düşmənlə mübarizə aparırdı. Siz bu 44 günlük Vətən Müharibəsini necə qarşıladınız?

– Hamının ərazi bütövlüyünə hörmət etmək lazımdır. Əgər siz mənim torpağımı işğal edirsinizsə, lazım gələni də edəcəksən. Kaş ki, müharibə olmazdı. Amma nəticə etibarı ilə hər şey yaxşı bitdi. Azərbaycan öz məxsus olduğu torpaqlarına geri döndü.

– Hazırda harada çalışırsınız?

– Hər hansısa bir vəzifəm yoxdur. İdmanı buraxsam da, qəlbimdə ondan uzaqlaşmamış bir şəxsəm. Yalnız sağlamlığım üçün idmanla məşğulam. Gənclərə idmanı sevdirməyə çalışıram. Bu da mənim həyatda ən çox həzz aldığım şeylərdən biridir.

– Ağırlıqqaldırma son illər böyük problemlər yaşayır və Olimpiada proqramından çıxarılıb...

– Bunun çox səbəbləri var. Təəssüf ki, bu idman növü son vaxtlar beynəlxalq müstəvidə rəhbərlik səviyyəsində korrupsiya problemləri ilə üz-üzə qalıb. Kim ki məhkəmədə öz haqqını qoruya bildisə, bəraət alacaq. Ala bilməyənlər də cəzalarını çəkəcəklər. Olimpiadanın təməl prinsipləri yüksəklik, sürət və gücdür. Olimpialarda gücü yalnız ağırlıqqaldırma təmsil edirdi. Onun çıxarılması ilə gücü hansı idman növünün təmsil edəcəyi özümə də maraqlıdır. Bu bizim üçün bir xəbərdarlıqdır. Ağırlıqqaldırmanın yenidən Olimpiada proqramına geri qaytarılacağını düşünürəm. İndiki Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi əvvəlki səhvləri etməzsə, yenə qısa müddətdə Olimpiadada yerimizi alacağımızı düşünürəm.

– Siz də dopinqlə bağlı bir problem yaşamışdınız və buna görə 2 illik cəzalandırılmışdınız...

– Bu, fərdi problemdir. Bunun beynəlxalq qurumla heç bir əlaqəsi yoxdur. Təəssüf ki, 2005-ci ildə məni gözü götürməyənlər dopinqlə üz-üzə qoydu. Sizi necə sevməyənlər varsa, məni də o vaxt sevməyənlər vardı.

– Necə ola bilər ki, ölkənin titullu idmançısını öz vətəndaşları sevməsin?

– Bəzən 50 dəfə düşünsən də, ağlına heç gətirmədiyin şeylər baş verə bilir. Təəssüf ki, biriləri bir şey tapıb düşündülər.

– Son olaraq sözünüz...

– Azərbaycanda xoşuma gələn bir söz var: 2 dövlət, 1 millət. Dünən açılış mərasimində Azərbaycan paraddan keçərkən elə alqışlandı ki, heç Türkiyənin bu cür alqışlanmayacağını düşündüm. Keyflə alqışlayanlardan biri də mən idim. Səhər tezdən Ankarada olmalı idim. Ancaq buradakı nümayəndə heyəti arasında dostum, millət vəkili Kamal bəyi (Kamal Cəfərovu nəzərdə tutur – red.) də gördüm. Onunla söhbətimiz bir az uzun çəkdi, ona görə də ləngidim və güləşə baxmağa gəldim.

Son xəbərlər

Orphus sistemi