Yuxarı

​Hacı Əliyev: "Erməniyə bir yumruqla başa saldım ki, bu, güləşdir" - VİDEO

O, bu dəfə məni udmaq istəyirdi

Bakı. 11 mart. REPORT.AZ/ "Gürcüstan təmsilçisinə uduzduğum yarımfinal görüşündə taktiki səhvlərə yol verdim. Görüşü düzgün qurmadım. Ona görə də məğlub oldum".

"Report"un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Latviyanın paytaxtı Riqada 61 kq. çəki dərəcəsində bürünc medal qazandığı Avropa çempionatındakı çıxışını dəyərləndirərkən deyib.

25 yaşlı pəhləvan hesab edir ki, Vladimer Xinçeqaşvili ilə qarşılaşmada qalib gəlmək olardı:

"Çünki Xinçeqaşvili elə də güclü deyildi. Düzdür, o da dünya çempionudur, amma fikrimcə, taktiki səhv üzündən yenildim. Qarşıdakı yarışlarda, yəqin ki, onunla yenidən üz-üzə gələcəyik. Çalışacağam ki, buraxdığım səhvlərə yenə yol verməyim".

H.Əliyev erməni Valodya Franqulyanla bürünc medal uğrunda görüşündən də danışıb. O, düşmən ölkə təmsilçisini yendiyi üçün sevindiyini vurğulayıb:

"Erməni idmançı ilə bir dəfə də qarşılaşmışdım və qalib gəlmişdim. O, bu dəfə məni udmaq istəyirdi. Şükür Allaha, izn vermədim ki, qalib gəlsin. Amma xalça üzərində məğlub olarkən, güləşə zidd hərəkətlər edir, altdan-altdan yumruq atırdı. Sona yaxın mən də bir yumruqla başa saldım ki, bu, güləşdir. Mübahisə, xalça üzərində belə şeylər olur. Amma çox sevinirəm ki, yenə düşmənimizə - erməni idmançısına qalib gəldim".

İkiqat dünya və Avropa çempionunun çıxış etdiyi çəki dərəcəsi Yay Olimpiya Oyunlarının proqramında yer almayıb. Bu səbəbdən, H.Əliyev "Rio-2016"ya lisenziya xarakterli turnirlərə daha aşağı çəkidə qatılmaq niyyətindədir:

"Qarşıdakı yarışlarda çalışacağam ki, 57 kq. çəki dərəcəsində iştirak edim. Düzdür, hələ bu çəkidə olimpiadaya lisenziya alınmayıb. Çalışacağıq ki, lisenziya da alaq. Olimpiadada güləşmək, medal qazanmaq istəyirəmsə, gərək o əziyyəti çəkəm. Əlimdən gələni edəcəyəm ki, medal kolleksiyama olimpiya medalını da əlavə edim".

Qeyd edək ki, Hacı Əliyev Valodya Franqulyanı ilk dəfə "Bakı 2015" I Avropa Oyunlarında məğlub edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi