“Şahdağ” Turizm Mərkəzi Beynəlxalq Xizək Federasiyası tərəfindən burada beynəlxalq yarışların keçirilməsi üçün 3 sertifikat alıb”.
Bu sözləri "Report"un Şimal bürosuna açıqlamasında Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova “Heydər Əliyev Kuboku”nun açılış mərasimində bildirib.
"Bütün bunlar Azərbaycanda qış idman mədəniyyətinin yaranmasına kömək edəcək. Bundan əlavə, ötən il paytaxtda fiqurlu konkisürmə üzrə Buz Arenası açıldı. Yeniyetmə idmançımız Səbinə Əliyeva Türkiyədə keçirilən yarışda ikinci yeri tutub. Digər idmançımız Viladimir Litvintsev martın sonunda Kanadada keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək. Xizək alpinizmi üzrə komandamız yanvardan etibarən yarışlarda iştirak edirlər. Milli komandamız yerli idmançılardan ibarətdir. Onlar Türkiyənin Rizə şəhərində keçiriləcək yarışda bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin yeniyetmə idmançılardan ibarət komandamız Almaniyada keçiriləcək Dünya Kubokunda yarışacaq”, - deyə federasiya rəsmisi vurğulayıb.