Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final qarşılaşmasına çıxıb.
"Report"un məlumatına görə, 70 kq-da mübarizə aparan idmançı rusiyalı İsrail Kasumovla üz-üzə gəlib.
Rəqibinə 1:3 hesabı ilə məğlub olan Bayramov gümüş medalla kifayətlənib.
Digər iki sərbəst güləşçi Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) isə medalsız qalıblar. Yusifli 3-cü yer uğrunda görüşdə Alans Amirovsa (Latviya) 3:4, Zubairov isə Elizbar Odikadzeyə (Gürcüstan) 0:5 hesabı ilə uduzub.
Qeyd edək ki, sabah Azərbaycanın daha üç sərbəst güləşçisi bürünc medal qazana bilər.
Azərbaycanın daha bir sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 65 kq-da Əli Rəhimzadə medal uğrunda ukraynalı Andrey Sviridlə qüvvəsini sınayıb.
3:2 hesablı qələbə qazanan Rəhimzadə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Azərbaycanın sərbəst güləşçisi Əfqan Xaşalov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 57 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə belaruslu Aryan Tsiutrinlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Xaşalov bürünc medala sahib çıxıb. Bu, Azərbaycanın yarışda ilk medalı olub.
Qeyd edək ki, Əfqan Xaşalov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.