Yuxarı

Azərbaycan ​güləşçisi Dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB

Yuliya Ratkeviç isveçli rəqibini 4:0 hesabı ilə məğlub edib

İlk xəbər 02:17-də dərc olunub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.

"Report" xəbər verir ki, dördüncü yarış günündə 55, 58, 63 və 75 kq. çəki dərəcəsində qadın, 65 kq. çəkidə sərbəst güləşçilər yarışır. Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində mübarizə aparıb. Azərbaycanın qadın güləşçilərindən Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən isə Toğrul Əsgərov (65 kq) Rio-2016-ya lisenziya əldə edib. Güləşçilər günü 1 bürünc medalla başa vurub. 

58 kq çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç Rusiya təmsilçisi Nataliya Golts, Ukrayna güləşçisi Tetyna Lavrençuk üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib. Burada Qazaxstan güləşçisi Aiym Abdildinanı məğlub edən Yuliya Ratkeviç 2016-cı il Rio Olimpiadasına vəsiqəni təmin edib. Yarımfinalda Finlandiyadan Petra Maarit Olliyə uduzan Yuliya bürünc medal uğrunda həlledici görüşə çıxıb. Son görüşdə İsveç idmançısı Malin Yohanna Mattssonu da məğlub edən güləşçimiz Dünya çempionatının bürünc medalına sahib olub.

Dünya çempionatında həm də sərbəst güləş üzrə kişilərin mübarizəsinə start verilib. 65 kq çəkidə mübarizə aparan olimpiya çempionu Toğrul Əsgərov yarışa uğurlu başlayıb. İlk olaraq Qazaxstanlı Sayatbek Okassov, ardınca Ermənistan təmsilçisi Devid Safaryan və Gürcüstan idmançısı Avtandil Kençadzeni mübarizədən kənarlaşdıran güləşçi 1/4 finalda İtaliya idmançısı Frank Çamizo ilə qarşılaşıb. Bu güləşçi ilə Əsgərov ilk dəfə birinci Avropa Oyunlarının finalında qarşılaşmış və təmiz qələbə ilə qalib gəlmişdi. Bu dəfə də görüşün 30-cu saniyəsində Azərbaycan güləşçisi rəqibinin kürəyini xalçaya sıxa bilib. Ancaq hakimlərin qeyri-obyektiv qərarı ilə görüş davam etdirilib, İtaliya idmançısının qələbəsinə və finala yüksəlməsinə şərait yaradılıb. Əsgərov olimpiadaya vəsiqəni qazanmaq üçün təsəlliverici görüşə qatılıb. Polşa təmsilçisi Maqomedmurad Qadjiyevlə görüşdə əldə etdiyi üstünlük onun Rio-2016-ya yolunu açıb. Əsgərov dünya çempionatının bürünc medalı uğrunda İran təmsilçisi Seyidahmed Mohammadi ilə qarşılaşıb, ancaq görüş rəqibin xeyrinə başa çatıb. Nəticədə azərbaycanlı olimpiya çempionu dünya çempionatını 5-ci sırada tamamlayıb. 

55 kq

1/8 final - Qianyu Pang (CHN) - Nataliya Sinişin 10:0

58 kq

1/16 final - Nataliya Golts (RUS) - Yuliya Ratkeviç 0:4

1/8 final - Yuliya Ratkeviç - Tetyana Lavrençuk (UKR) 6:0

1/4 final - Yuliya Ratkeviç - Aiym Abdildina (KAZ) 7:5 (Olimpiadaya lisenziya qazandı)

1/2 final - Yuliya Ratkeviç - Petra Maarit Olli (FİN) 6:8

Bürünc medal görüşü - Malin Yohanna Mattsson (SWE) - Yuliya Ratkeviç 0:4

63 kq

1/16 final - Anita Anita (İND) - Nadya Muşka Sementsova 9:1

65 kq - sərbəst güləş

1/32 final - Toğrul Əsgərov - Sayatbek Okassov (KAZ) 7:2

1/16 final - Devid Safaryan (ARM) - Toğrul Əsgərov 2:8

1/8 final - Avtandil Kençadze (GEO) - Toğrul Əsgərov 2:9

1/4 final - Frank Çamizo Marquez (İTA) - Toğrul Əsgərov 10:5

Təsəlliverici görüş - Maqomedmurad Qadjiyev (POL) - Toğrul Əsgərov 3:12 (Olimpiadaya lisenziya qazandı)

Bürünc medal görüşü: Toğrul Əsgərov - Seyidahmed Mohammadi (İran) 5:15

Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc medala yiyələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi