Sərbəst güləş üzrə Azərbaycan milli komandasında koronavirusa kütləvi yoluxma baş verib.
"Report"un əldə etdiyi məlumata görə, bunu yığmadan götürülmüş COVID-19 testinin nəticəsi göstərib. Bildirilir ki, yoluxanlar sırasında məşqçilərdən Arif Abdullayev, Oyan Nəzəriani, Rövşən Umudov, Rövşən Hacıyev, Ağahüseyn Mustafayev, güləşçilərdən isə Turan Bayramov da var. Bundan başqa yığma üzvü olmayan güləşçilərin də testi müsbət çıxıb.
Fakt üzə çıxdıqdan sonra komandanın hazırlıq keçdiyi təlim-məşq bazasında məşqlər dayandırılıb.
Yoluxmalara səbəb kimi əsas heyətlə birgə yeniyetmə və gənclərdən ibarət heyət üzvlərinin də kütləvi məşqlərdə iştirakı göstərilir.
Azərbaycan Güləş Federasiyasından "Report"a bildirilir ki, noyabrın 20-də növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb.
Rəsmi açıqlamada daha sonra deyilir: "Federasiyamız pandemiyanın Azərbaycanda yayıldığı ilk günlərdən məsələyə həssas yanaşıb. Məhz bu səbəbdən bir neçə ay yığmaların məşqlərinə ara verilib. Yalnız iyundan milli komandalara məşqlərə icazə verildikdən sonra hazırlıq prosesinə start verilib. Ancaq məşqlərdə yalnız əsas komandaya daxil olan güləşçilərin iştirakı nəzərdə tutulub. Bu da sırf dekabrda Serbiyada keçiriləcək Fərdi Dünya Kuboku ilə bağlı keçirilən hazırlıq prosesindən ibarətdir.
Nəzərinizə çatdıraq ki, güləşçilər və məşqçilər arasında koronavirusun yayılmaması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Olimpiya Güləş Mərkəzində giriş qapılarında dezinfeksiya məhlulları quraşdırılıb və güləşçilər arenaya daxil olarkən bundan istifadə edir. Eyni zamanda, hər məşqdən əvvəl bütün heyətin hərarəti bir-bir yoxlanılır və temperaturu yüksək olanlar məşqdə iştirak etmir. Mütəmadi olaraq güləşçilərdən və məşqçilərdən testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi dezinfeksiya olunur".
Qeyd edək ki, daha əvvəl yeniyetmə və gənc qızlardan ibarət millinin məşqçisi İsaməddin Hüseynov vəfat edib. Azərbaycan Güləş Federasiyası ölümə səbəb kimi uzun sürən xəstəliyi göstərsə də, mərhumun yaxınları onun koronavirusdan dünyasını dəyişdiyini bildiriblər.