Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.
Nazirliyin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, iclasın gündəliyinə əsasən, mart ayı ərzində keçirilmiş bir sıra tədbirlərin hesabatı və müvafiq qərarlar qəbul edilib.
İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.
Kollegiyanın qərarına əsasən, “Azərbaycan Üzgüçülük Federasiyası” İB, “Azərbaycan Velosiped İdmanı Federasiyası” İB, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İB, “Azərbaycan Respublikası Həndbol Federasiyası" İB, “Azərbaycan Boks Federasiyası” İB, “Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası" İB akkreditasiyaları təsdiqlənib.
Bundan başqa, “WKC növləri üzrə Azərbaycan Karate Federasiyası” İB, “Şito-Ryu Karate-Do Federasiyası” İB, “Azərbaycan Coriyo Kunq-Fu Federasiyası” İB, “Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası” İB, “Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası” İB, “Azərbaycan Skayraninq Federasiyası” İB, “Azərbaycan Boulinq İdman Federasiyası” İB, “Azərbaycan Respublikası Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası” İB, “Azərbaycan Aykido Federasiyası” İB, “Azərbaycan Dama Federasiyası” İB, “Alpinizm Federasiyası” İB, “Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası” İB, “Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası” İB və “Budo Döyüş Növləri Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.
Fevralın 25-də Azərbaycan Peyntbol Federasiyası, Otüstü Hokkey Federasiyası və Azərbaycan Turan Do Federasiyasın statusu fəaliyyət göstərmədikləri üçün ləğv edilib. Yanvarın 31-də isə Azərbaycan Fiqurlu Konkisürmə və Azərbaycan Dağ Xizəyi İdman Federasiyası birləşdirilərək Azərbaycan Qış İdman Növləri Federasiyası adlandırılıb. Beləliklə, ümumilikdə, 19 federasiyanın statusu dayandırılıb.
Xatırladaq ki, bir-neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 17-yə çatıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.