Yuxarı

Fyuri ilə Kliçko arasında revanş döyüşünün vaxtı və yeri açıqlanıb

Qarşılaşma Avropanın 3-cü ən böyük qapalı arenasında təşkil olunacaq

Bakı. 9 aprel. REPORT.AZ/ Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə Tayson Fyuri ilə Vladimir Kliçko arasında dünya çempionluğu uğrunda revanş görüşünün vaxtı və yeri açıqlanıb. "Report"un WBA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma iyulun 9-da İngiltərədəki qapalı "Mançester Arena"da təşkil olunacaq.

Ötən gün britaniyalı boksçunun əmisi və məşqçisi Piter Fyuri qarşılaşmanın Mançesterdə baş tutacağını bəyan edib. Ukraynalı idmançının meneceri Bernd Bente isə bəzi detalların dəqiqləşdirilməsi zərurəti olduğunu bildirib.

"Mançester Arena" 1993-cü ildə tikilib. 21 min tamaşaçı tutumuna malik qurğunun açılışı 2 il öncə olub. Tamaşaçı tutumuna görə Avropanın üçüncü qapalı arenası musiqi və idman tədbirləri üçün istifadə olunur.

Qeyd edək ki, 2015-ci ilin noyabrında Almaniyada keçirilmiş 12 raundluq qarşılaşmada Tayson Fyuri Vladimir Kliçkonu hakimlərin yekdil qərarı ilə xal hesabında yenib, Beynəlxalq Boks Federasiyası (İBF), WBO və WBA versiyalarında dünya çempionu tituluna yiyələnib. Sonradan o, kəmərinin mütləq müdafiəsindən imtina etdiyi üçün İBF titulundan məhrum edilib. T.Fyuri peşəkar rinqdə məğlubiyyət üzü görməyib. Britaniyalı bokskçu 25 qələbədən 18-ni nokautla qazanıb. V.Kliçko isə 4 dəfə məğlub olub və 64 qələbəsindən 53-nü nokautla əldə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi