Yuxarı

​"FUTPROQNOZ" yarışmasının qalibləri mükafatlandırılıb

Qalib Xəzər Lənkəran klubunun futbolçusu Ağabala Ramazanov olub

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı və "Kolizey İnşaat"ın sponsorluğu ilə keçirilən "FUTPROQNOZ" yarışmasının qalibləri mükafatlandırılıb. "Report"un məlumatına görə, informasiya dəstəyi "Report" İnformasiya Agentliyi və Sportnet.az saytı olan yarışmanın mükafatlandırma mərasimində futbol veteranları, klub rəsmiləri və media nümayəndələri iştirak edib.

Tədbirdə ilk olaraq çıxış edən aparıcı Sənan Şəfizadə açılış üçün İAM-ın sədri Elşən Məmmədova söz verib. Birinci yerə çıxan Ağabala Ramazonuvun gənc olmasını qeyd edən E. Məmmədov bu proqnozun onun perspektivli olmasından xəbər verdiyini deyib. İAM sədri bu kimi halların gənclərin inkişafında rol oynadığını qeyd edib.

Daha sonra çıxış üçün layihənin ideya müəllifi jurnalist Ceyhun Əliyev səhnəyə dəvət edilib. O, öz növbəsində iştirakçılara və gələn qonaqlara təşəkkürünü bildirib.

Çıxışlardan sonra qaliblər mükafatlandırılıb. İlk olaraq qalib "Xəzər Lənkəran" klubunun futbolçusu Ağabala Ramazanovun hədiyyəsi təqdim edilib. Futbolçu komandanın məşqi səbəbindən tədbirdə iştirak etməsə də, onu klub rəsmisi Ramil Cahangirov təmsil edib. Gənc futbolçuya "Kolizey İnşaat" tərəfindən qiymətli hədiyyə, medal və kubok verilib. Mükafatı veteran futbolçu Oktay Abdullayev təqdim edib.

İkinci pillənin sahibi Əliyar Ağayev hədiyyəsini almaq üçün səhnəyə dəvət olunub. FİFA referisi isə hədiyyəsini bu gün 50 yaşını qeyd edən Nazim Süleymanov tərəfindən alıb. Tədbirdə yubilyar da hədiyyəsiz qalmayıb. N.Süleymanova layihənin sponsoru tərəfindən qiymətli hədiyyələr təqdim edilib. Onun hədiyyəsini Maşallah Əhmədov verib.

Ad günündə idman ictimaiyyətinin onu yalnız buraxmadığını bildirən təcrübəli mütəxəssis M.Əhmədovla bağlı kiçik bir xatirəsini paylaşıb: "1984-cü ildə Səməd Qurbanovu futboldan yola salanda 10 nömrəli formasını mənə verdi. Maşallah Əhmədov da həmin "10 nömrə"ni məndən aldı".

Hədiyyələr təqdim edildikdən sonra Çempionlar Liqasının "pley-off" mərhələsinin başlaması münasibətilə qonaqlar arasında "Çempion" adlı yarışmanın püşkü atılıb.

Qeyd edək ki, 2014-cü ildə Braziliyadakı futbol üzrə dünya çempionatı ilə əlaqədar təşkil olunmuş "FUTPROQNOZ" yarışmasında 32 nəfər iştirk edib. Püşk nəticəsində qrup mərhələsində hər bir şəxsə bir yığma komanda təhkim olunub. Yarışma iştirakçısı öz milli komandasının qrup mərhələsində keçirdiyi oyunlara konkret proqnoz verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi