“Formula 1” üzrə Azərbaycan Qran Prisinə 52 gün qalarkən - REPORTAJ

“Formula 1” üzrə Azərbaycan Qran Prisinə 52 gün qalarkən - REPORTAJ Bakı. 7 mart. REPORT.AZ/ Gələn həftə “Formula 1” üzrə 2019-cu il dünya çempionatı start götürəcək.
Fərdi
7 Mart , 2019 16:04
“Formula 1” üzrə Azərbaycan Qran Prisinə 52 gün qalarkən - REPORTAJ
Report/Firi Salim

Bakı. 7 mart. REPORT.AZ/ Gələn həftə “Formula 1” üzrə 2019-cu il dünya çempionatı start götürəcək.

“Report” yarış təqvimində dördüncü sırada yer alan Azərbaycan Qran Prisinə hazırlığın gedişi ilə yaxından tanış olmaq üçün paddok ərazisinə baş çəkib və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi şəxslərindən son məlumatları əldə edib.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib ki, Azərbaycan Qran Prisinin başlamasına 52 gün qalsa da, artıq tribunalar üçün nəzərdə tutulan biletlərin 65-70 faizi satılıb. Onun sözlərinə görə, ən çox bileti Rusiya vətəndaşları əldə ediblər: “Biletlər daha çox xaricdən alınıb. Hazırda 50-dən çox ölkəyə bilet satışımız olub. Ən çox bileti Rusiya vətəndaşları əldə ediblər. İkinci sırada Böyük Britaniyadır. Onları Hollandiya, Almaniya, Gürcüstan və Körfəz ölkələri izləyir. Bilet satışı illərdir yüksələn qrafiklə davam edir. Bu dəfə də artımın olacağını proqnozlaşdırırıq. Azərbaycan Qran Prisi son iki mövsümdə “Formula 1” təqviminin ən yaxşı yarışları sırasında göstərilir. Bu məqam əcnəbilərin Azərbaycana gəlməsinə böyük təkan verib”.

Türkiyəli funksioner bildirib ki, Bakıda baş tutacaq yarışı üçün bütün biletlərin satılacağını proqnozlaşdırırlar: “Tribunalara 18 min, ayaqüstü zonalara isə 10 mindən çox biletimiz var. Yarışın olacağı həftəsonu hər gün üçün 30-mindən çox bilet sahibini qəbul edə bilərik. Hələlik ayaqüstü zonalara biletlərin, təxminən, 20 faizi satılıb. Bu kateqoriyadan olanlar tribuna biletləri tükənəndən sonra sürətlə satılmağa başlayır. Heç bir problem görmürəm. Bütün biletlərin alınacağını düşünürəm”.

B.Özerdim deyib ki, hazırda Azərbaycan Qran Prisinə baş sponsorluqla bağlı danışıqlar müsbət məcrada davam edir: “Təmasda olduğumuz bir neçə yerli şirkət var. Həmçinin əlavə sponsorlarla da müzakirələr aparırıq. İndiki məqamda konkret bir söz deyə bilmərəm. Xarici şirkətlərin də Bakıda təşkil olunacaq yarışa böyük marağı var. Onlar birbaşa “Formula One Management Limited”lə danışıb, Azərbaycan Qran Prisinə sponsorluq etmək niyyətindədirlər. Ancaq bizim əsas məqsədimiz burada Azərbaycan şirkətlərini ön plana çıxarmaqdır. Yarışa çox az vaxt qalıb. Aprelin sonuna qədər sponsorluq məsələlərini həll etməyi planlaşdırırıq. Ancaq adətən, bu bu cür müqavilələr böyük məbləğ qarışılığında olduğu üçün 1 ili əhatə etmir. Ona görə də proses bir az uzana bilər”.

Kommersiya şöbəsinin rəhbəri yarış günlərində Bakıda konsert proqramı ilə çıxış edəcək dünya ulduzları ilə böyük ölçüdə razılıq əldə etdiklərini bildirib: “Müqavilə bağlamaq üzrə olduğumuz müğənnilər var. Təxminən, bir həftə - on gün ərzində adlarını açıqlamağa başlayacağıq. Müğənnilər “Bakı Kristal Zalı”nda çıxış edəcəklər. Bundan əlavə, yarış gecələrində “Elektra Events Hall”da DJ-lər səhnə alacaq. DJ-lərin iştirakı ilə baş tutacaq əyləncə proqramı üçün bilet satışı ayrıca təşkil olunacaq”.

BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai 150-dən çox yerli media nümayəndəsinin akkreditasiya üçün təmsil etdiyi quruma müraciət etdiklərini deyib: “Media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu fevralın 28-dək nəzərdə tutulmuşdu. Lakin “Formula 1” ilə müqavilə müddətinin 2023-cü ilə qədər uzadılmasından sonra prosesi martın 5-dək uzatdıq. Yekunda 150-yə yaxın yerli media nümayəndəsi bizə müraciət edib. Ərizələr Beynəlxalq Avtomobil Federasiyasına (FIA) göndəriləcək və kimlərə akkreditasiya verilməsi ilə bağlı qərarı həmin qurum qəbul edəcək”.

Prezident İlham Əliyev “Formula 1” üzrə Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə bağlı ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncəma əsasən, “Formula 1” yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və FIA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, BŞH-da akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, eləcə də Azərbaycan Qran Prisinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəddən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il martın 15-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

N.Arpadarai sərəncamın BŞH-nin işinə böyük dəstək olduğunu vurğulayıb: “Cənab Prezident hər il yarış ərəfəsində viza ilə bağlı müvafiq sərəncam imzalayır. Bu, bizə çox böyük dəstək olur. Akkreditasiyası və ya bileti olan şəxslər bilirlər ki, vizalarını hava limanında əldə edə bilərlər. Ümumiyyətlə, “ASAN Viza”ya keçiddən sonra 3 gün ərzində rahat viza əldə etmək olur. Bu da çox önəmlidir. Həm dövlətimiz, həm də BŞH “Formula 1” üçün Azərbaycana gələn insanların rahatlığını təmin etmək, problem yaşamamaları üçün əlindən gələni edir”.

BŞH-nin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tomas Butçer isə bildirib ki, paddok ərazisində Pit binası və komandaların ofisləri tam quraşdırılıb: “Hazırda onların daxilində tikinti-quraşdırma və təmir işləri davam edir. Elektrik, internet xətlərinin çəkilişi, istilik və soyutma sistemlərinin quraşdırılması prosesi aparılır. Əvvəlki illərlə müqayisədə paddok ərazisi və trekdə heç bir dəyişiklik olmayacaq. Komandalar 15 – 20 aprel aralığında Bakıya gələcəklər. Həmin vaxta qədər bütün işlərimizi böyük ölçüdə yekunlaşdıracağıq”.

Butçerin sözlərinə görə, hazırda 9 tribunadan 5-nin quraşdırılmasına başlanılıb: “Tribunalar əvvəlki sayda və həcmdə olacaq. “Abşeron”, “Azneft, “Muğam”, “Sahil”, “İçərişəhər”, “Qız Qalası”, “Bulvar”, “Xəzər” və “Filarmoniya” tribunalarımız var. Hazırda “Abşeron”, “Sahil”, “Bulvar”, “Xəzər” və “Filarmoniya”nın tikintisi davam edir. Digər tribunalar onların yerləşdiyi ərazidəki dövlət qurumları ilə razılaşdıracağımız tarixlərdə quraşdırılacaq. Məsələn, “İçərişəhər” tribunası olan yerdə Konstitusiya Məhkəməsi yerləşir. Həmin qurumun razılığını alandan sonra işlərə başlayacağıq. “Qız Qalası” tribunasını Norvuz Bayramından sonra quraşdıracağıq. Çünki bayram günlərində orada intensiv hərəkət olacaq. “Aznfet” tribunasını isə aprelin 26-da quracağıq. Çünki həmin yerdə nəqliyyatın hərəkəti çox sıxdır və maneə törətməmək üçün oranı ən sona saxlamışıq”.

Avstraliyalı mütəxəssis deyib ki, bu mövsümdə də həmyerlisi Daniel Rikkardoya azarkeşlik edəcək. O, ötən mövsümün sonunda Avstriya “Red Bull”unu tərk edərək, Fransa “Renault”una keçən pilotun qələbəsinə inandığını vurğulayıb: “Rikkardo komandasını dəyişib. Bu mövsüm onu “Renault” bolidində görəcəyik. Həmyerlimə, 2017-ci ildə olduğu kimi, Azərbaycan Qran Prisini qazanmasından ötrü azarkeşlik edəcəyəm”.

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran Prisi 26 - 28 apreldə olacaq.

FOTO: Firi Səlim

Son xəbərlər

Orphus sistemi