"Racing Point" komandasının pilotu Serxio Peres "Formula 1" üzrə Saxir Qran-prisinin qalibi olub.
"Report"un məlumatına görə, Bəhreyndə təşkil olunmuş 16-cı mərhələdə meksikalı sürücü karyerasında ilk dəfə finişə birinci çatıb.
"Renault"dan fransalı Esteban Okon ikinci, Peresin kanadalı komanda yoldaşı Lens Stroll üçüncü yeri tutub.
30 yaşlı Peres indiyədək 9 dəfə podiuma qalxıb. O, Pedro Rodrigesdən sonra Qran-pri qalibi olan ikinci meksikalıdır.
Növbəti Qran-pri 11 - 13 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək.
Qeyd edək ki, Türkiyədə keçirilmiş 14-cü mərhələdə "Mercedes" pilotu Lüis Hemilton vaxtından əvvəl dünya çempionluğunu rəsmiləşdirib. 7 qat dünya çempionu Saxir Qran-prisini koronavirusa yoluxduğu üçün buraxmalı olub. Onu həmyerlisi Corc Rassel əvəzləyib.