İtaliyadakı İmola trasında "Formula 1" üzrə Emiliya-Romanya Qran-prisi keçirilib.
"Report"un məlumatına görə, qalib adını "Red Bull" pilotu Maks Ferstappen qazanıb. İkinci yeri "Mercedes"dən Lüis Hemilton tutub. "Maklaren"i təmsil edən Lando Norris isə üçüncü olub.
"Mercedes"dən Valtteri Bottas və "Uilyams"dan Corc Rasselin qəzaya düşməsi üzündən yarışa ara verilib. Bundan yararlanan Hemilton rəqibləri ilə fərqi aradan götürərək, 10-cu mövqedən 2-ci yerə çıxıb.
Bottas və Rasseldən əlavə, "Aston Martin"dən Sebastyan Fettel və "Uilyams"dan Nikolas Latifi də finişə çata bilməyib.
Mövsümün iki Qran-prisinin yekununa əsasən, Hemilton 44 xalla liderliyini qoruyub. Ferstappen 43 xalla 2-ci, Norris 27 xalla 3-cüdür. Konstruktorların mübarizəsində isə "Mercedes" 60 xalla 1-ci, "Red Bull" 53 xalla 2-ci, "Maklaren" 41 xalla 3-cü yerdə gedir.