Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Fərdi
  • 28 oktyabr, 2024
  • 09:49
Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Polşada keçirilən Avropa birinciliyi ilə əlaqədar bu ölkəyə səfər edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludla görüşüb.

Bu barədə "Report"a AAF-nin mətbuat xidmətindən məlumat verilib.

Söhbət zamanı ölkəmizdə ağırlıqqaldırmanın perspektivləri və inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Federasiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb.

AAF-nin uzunmüddətli strateji plan üzrə fəaliyyət göstərdiyini bildirən Firdovsi Umudov bu işdə IWF-nin dəstəyinin önəmini vurğulayıb.

Daha sonra gələcək yarışlar, hakim və məşqçi seminarları, təşkilatçılıq məsələləri və akademiyaların işinin təşkili barədə söhbət aparılıb. Görüşün sonunda Firdovsi Umudov Məhəmməd Caluda AAF-nin xüsusi hədiyyəsini təqdim edib.