Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda FIDE Qran-prisində mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster D qrupunun ilk turunda çinli Yu Yanqyi ilə üz-üzə gələcək. Bu qrupda fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Aleksandr Predke də yer alıb.
Yanqyi ilə qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Finala vəsiqə qazanacaq şahmatçılar həm də İddiaçılar Turnirində iştirak hüququ əldə edəcəklər.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.