FİDE şahmatın Qış Olimpiya Oyunlarının proqramına salınması üçün ərizə verib

FİDE şahmatın Qış Olimpiya Oyunlarının proqramına salınması üçün ərizə verib Kirsan İlümjinov: "100-dən çox ölkə bu addımımızı dəstəkləyir"
Fərdi
21 Aprel , 2015 10:22
FİDE şahmatın Qış Olimpiya Oyunlarının proqramına salınması üçün ərizə verib

Bakı. 21 aprel. REPORT.AZ/ Şahmatın Qış Olimpiya Oyunlarının proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə (İOC) ərizə ilə müraciət edilib. "Report"un məlumatına görə, bu barədə FİDE (Beynəlxalq Şahmat Federasiyası) prezidenti Kirsan İlümjinov açıqlama verib.

K.İlümjinov İOC prezidenti Tomas Baxla danışdıqlarını və iyunun 19-da qurumun İsveçrənin Lozanna şəhərində yerləşən mənzil-qərargahında görüşəcəklərini bildirib. Onun sözlərinə görə, artıq 100-dən çox ölkənin Milli Olimpiya Komitəsi FİDE-nin bu addımını dəstəkləyib: "Ötən il 108 ölkədə oldum və təkcə federasiya prezidentləri ilə deyil, Milli Olimpiya komitələrinin rəhbərləri və idman nazirləri ilə görüşdüm. Onların hamısı şahmatın qış olimpiadasının proqramına salınması üçün vermək istədiyimiz namizədliyimizi dəstəklədi".

FİDE prezidenti bildirib ki, Qış Olimpiya Oyunlarında yarış proqramı 2 bloka ayrılır. Səhər bloku saat 8:00-dan 15:00-dək davam edir. Axşam saat 19:00-dan axşam proqramı - fiqurlu konkisürmə, hokkey və s. başlayır. Saat 15:00-dan 19:00-dək isə boşluq yaranır: "Şahmata nə xizək yolları, nə eniş zolaqları, nə də hansısa xüsusi idman qurğusu lazım deyil. Biz, sadəcə, binalarda da oynaya bilərik. Daha vacibi odur ki, bir çox ölkə qış olimpiadasında təmsil olunmur. Çünki qar və lazımi məşq şəraiti hər yerdə yoxdur". 

Son xəbərlər

Orphus sistemi