​FİDE prezidenti: "Bakı beynəlxalq idman tədbirlərinə mükəmməl təşkilatçılığı ilə bütün dünyada tanınır"

​FİDE prezidenti: "Bakı beynəlxalq idman tədbirlərinə mükəmməl təşkilatçılığı ilə bütün dünyada tanınır" "Ali şahmat qurumu turnirin yüksək səviyyədə keçiriləcəyinə inanır"
Fərdi
19 Avqust , 2015 15:30
​FİDE prezidenti: Bakı beynəlxalq idman tədbirlərinə mükəmməl təşkilatçılığı ilə bütün dünyada tanınır

Bakı. 19 avqust. REPORT.AZ/ "Bizi çox sevindirir ki, Azərbaycanda mötəbər şahmat yarışlarının keçirilməsi ənənə halını alıb". "Report"un məlumatına görə, bunu Ümumdünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov deyib.

Sentyabrın 10-dan oktyabrın 5-dək Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku haqda fikirlərini bildirən K.İlyumjinov Azərbaycanın paytaxtında şərq qonaqpərvərliyi ilə dinamik biznes mühiti, yüksək səviyyəli infrastruktur obyektləri ilə tarixi abidələrin mükəmməl ahəngdarlıq təşkil etdiyini bildirib. O, şahmatın Azərbaycanın iki min ildən çox tarixə malik olan mədəniyyətində müstəsna rolu olduğunu vurğulayıb:

"Satranc" oyunu bu ərazidə 5-ci əsrdən bəri oynanılıb. Bu haqda dahi Nizaminin bir neçə poemasında qeydlər var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin idmana olan diqqəti sayəsində ölkədə bütün idman növləri inkişafdadır. Şahmata olan marağı xüsusi qeyd etməliyəm. Azərbaycanda olan şahmat ənənələri hamıya məlumdur. Hazırda şahmat idman, təhsil və mədəniyyət istiqamətində hökumət fəaliyyətinin ən çox diqqət ayrılan sahələrindəndir. Ötən il Azərbaycan paytaxtı FİDE Qran-Pri silsiləsindən olan ilk turniri yüksək səviyyədə təşkil etdi. Bu il isə Bakı şahmat üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. Ali şahmat qurumu turnirin yüksək səviyyədə keçiriləcəyinə inanır. Unutmayaq ki, gələn il Azərbaycanı şahmat üzrə ən mötəbər yarışlardan biri olan olimpiada gözləyir. Bütün bu yarışlar dünya şahmat ailəsinin diqqətini Azərbaycan paytaxtına yönəldəcək".

Dünyada şahmatın inkişafında Azərbaycanın özünəməxsus yer tutduğunu söyləyən FİDE prezidenti 2015-ci il Dünya Kubokunun çox uğurlu keçiriləcəyinə və bunun 2016-cı ildə Bakıda təşkil olunacaq 42-ci Dünya Şahmat Olimpiadası üçün mükəmməl bir sınaq olacağına əminliyini ifadə edib.

Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov Dünya Kubokuna hazırlıqla bağlı məlumat verib. M.Məmmədov qeyd edib ki, Təşkilat Komitəsi tərəfindən yarışın yüksək səviyyədə keçirilməsi istiqamətində lazımi işlər aparılır.

Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku sentyabrın 10-dan oktyabrın 5-nə qədər "Fairmont" oteldə keçiriləcək. 128 şahmatçının mübarizə aparacağı Dünya Kubokunun finalçıları şahmat üzrə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Turnirin mükafat fondu 1 milyon 600 min dollardır.

Son xəbərlər

Orphus sistemi