"Ferrari" komandası "Formula 1" üzrə Kanada Qran-prisində Sebastyan Fettellə bağlı qərara apelyasiya verməkdən imtina edib.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə "Skuderiya"nın rəhbəri Mattia Binotto Beynəlxalq Avtomobil Federasiyasına ünvanladığı məktubda bildirib. Bu isə o deməkdir ki, Binotto şikayət üçün 96 saatlıq müddətdə rəsmi etiraz hüququndan yararlanmayacaq. Yəni, Kanada Qran-prisinin nəticələrini yekun saymaq olar.
Yeddi mərhələdən sonra "Mercedes" pilotu Lüis Hemilton şəxsi hesabda Fetteli 62 xal qabaqlayır. Konstruktorlar Kubokunda isə "Mercedes" "Ferrari"dən 123 xal öndədir.
Qeyd edək ki, Kanada Qran-prisində finişə Sebastyan Fettel hamıdan tez çatıb. Lakin stüardlar onun yaşıllıq sahədən yola çıxarkən, "Mercedes" pilotu Lüis Hemiltona təhlükə yaratdığını iddia edərək, aktivindən 5 saniyə siliblər. Nəticədə Hemilton qalib, Ferrel isə 2-ci yerin sahibi olub.