Məmmədəli Mehdiyev: "Hərdən futbolla da məşğul olmuşam" - MÜSAHİBƏ

Məmmədəli Mehdiyev: "Hərdən futbolla da məşğul olmuşam" - MÜSAHİBƏ Bakı. 27 fevral. REPORT.AZ/ Almaniyanın Düsseldorf şəhərindəki Böyük Dəbilqə turnirində qızıl medal qazanmış cüdoçu Məmmədəli Mehdiyev Reportun suallarını cavablandırıb. 26 yaşlı idmançı öncə yarışla bağlı təəssüratlarını bölüşüb...
Fərdi
27 Fevral , 2019 15:12
Məmmədəli Mehdiyev: Hərdən futbolla da məşğul olmuşam - MÜSAHİBƏ

Bakı. 27 fevral. REPORT.AZ/ Almaniyanın Düsseldorf şəhərindəki Böyük Dəbilqə turnirində qızıl medal qazanmış cüdoçu Məmmədəli Mehdiyev "Report"un suallarını cavablandırıb. 26 yaşlı idmançı öncə yarışla bağlı təəssüratlarını bölüşüb...

- Turnirə ciddi hazırlaşmış və yaxşı da məşq etmişdik. Sonda qalib olacağımıza inanırdıq. Bu da oldu. Həmin vaxt mənim günüm idi. Yaxşı da güləşdim, çalışdım və qızıl medal qazandım.

- Bu qələbəniz hətta sürpriz kimi qəbul edənlər də oldu. O mənada ki, Elmar Qasımov və Rüstəm Orucova nəzərən daha az nailiyyətiniz olmuşdu və təbii ki, daha az tanınırdınız. Bu mənada, özünüz barədə məlumat verərdiniz...

- Bakının Xilə kəndində doğulmuşam. 14 yaşımdan cüdoya yazılmışam. Atam da bu idman növü ilə məşğul olduğu üçün məni bura yönləndirib. Hərdən olub ki, cüdodan uzaqlaşmışam və futbolla da məşğul olmuşam. Axırda cüdo mənə çox yaxın olduğu üçün bu növü seçdim. Tərlan Həsənov ilk müəllimim olub. İndiyədək də odur. Onun nəzərəti altında məşq edirəm. 

- Düsseldorf tatamisində həlledici görüşə vəsiqə qazananadək hansı rəqib sizə daha böyük çətinlik yaratdı?

- Finala qədər çətinliklə üzləşdiyim bir görüş oldu. O da yarımfinal idi. Serbiyalı Aleksandar Kukolla dueldə əziyyət çəkdim. Çox güclü rəqibdir və dünya reytinqində də ikinci pillədə idi. Daha əvvəl 5 dəfə görüşmüşdük. Hesab 4:1 onun xeyrinə idi. Bu dəfə isə mən qələbə qazandım. Kukol mənim üçün ən güclü rəqiblərdən biridir. 1/4 finalda məğlub etdiyim kubalı Felipe Silva Moralesi də qeyd etmək istərdim. O, Bakıda keçirilmiş dünya çempionatında da gümüş medal qazanıb. Demək olar ki, finala kimi güclü rəqib iki nəfər idi.

- Finalda isə yaponiyalı Sanşiro Muraonu üstələdiniz. Bu görüşdən öncə onu məğlub edəcəyinizə inanırdınız?

- Böyük Dəbilqə turnirində hədəfim qızıl medal qazanmaq idi. Finaladək o cür mübarizə aparıb, sonra isə qızıl medalı əldən vermək fikrim yox idi. Tatamiyə sonadək vuruşmaq üçün çıxmışdım. Elə oldu ki, görüş başlayanda rəqib cəhd etdi, mən isə onu əks-hücumla qarşıladım və vaza-ari xalı ilə önə keçdim. Qalan bölümdə isə üstünlüyümü qorumağa çalışdım və bunu bacardım.

- Bu turnir "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Siz də çempion olmaqla 1000 xal qazandınız. Olimpiadaya vəsiqə şanslarınızı necə dəyərləndirirsiniz?

- Qismət olsa, mən də istəyirəm və çalışacağam ki, olimpiadada iştirak edim. Niyyətimiz də budur. Daha sonra isə olimpiadadan medalla qayıtmağı hədəfləmişəm.

- Azərbaycanda Orxan Səfərov, Rüstəm Orucov və Elmar Qasımov kimi titullu cüdoçular var. Bu idmançıların son zamanlar qeyri-sabit çıxışını nə ilə əlaqələndirirsiniz?

- Onlar indi də ön plandadırlar. Məndən də yaşca böyükdürlər, böyük qardaşlarımdır. Qasımov və Səfərovun yarışlarda bir az uğursuzluqları olur. İnanıram ki, onlar da öz sözlərini deyəcəklər. Biz də gənc idmançıyıq. Mənə elə gəlir ki, burada yaş amili də öz sözünü deyir. Hələ 26 yaşım var. Yaş da göstərir ki, mənə möhkəmlik və güc gəlib. Ona görə medal qazana bilirəm.

- Komandaya ukraynalı baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında yeni məşqçilər heyətinin gəlişi uğurlu çıxışınızda rolu nə qədərdir?

- Əlbəttə, təsir edir. Yaxşı nəticələr bundan öncə də var idi. Bizim cüdoçular mübariz, çox perspektivlidirlər. Yeni məşqçi heyəti gələndən sonra isə uğurlarım artıb.

- Azərbaycan yığması 1 qızıl və 3 bürünc medal sayəsində 3-cü oldu. Komandadakı digər cüdoçuların çıxışlarını necə dəyərləndirirsiniz?

- Rüstəm Orucov bürünc medal qazandı. Onun çox güclü rəqibi var. Bu, yaponiyalı Şöhey Onodur. Orucov Onoya dəfələrlə məğlub olub. Amma mən inanıram ki, axır-əvvəl həmin idmançını məğlub edəcək. Zelim Kotsoyev də "bürünc" qazandı. O da Yaponiya təmsilçisini üstələyə bilmədi. Hamı da bilir ki, Yaponiyanın çox güclü məktəbi var. Güclü cüdoçularımız da məğlubiyyətlə üzləşdilər. Orxan Səfərovun məğlub olduğu israilli cüdoçu Tal Flikker də güclü rəqibdir. Nicat Şıxəlizadə cənubi koreyalı Jin Yanq Hama son saniyələrdə öz səhvindən məğlub oldu. Bəlkə də tələsdi. Elmar Qasımov isə topuğundan zədəlidir, məşq edə bilmir. Yarışa zədəli çıxmışdı. Düşünürəm ki, onun uduzmasının səbəbi budur.

- Böyük Dəbilqə turnirinin finalında məhz Yaponiya cüdoçusu üzərindəki qələbəniz komanda yoldaşlarınıza "gündoğar ölkə" təmsilçiləri ilə qarşılaşmalarda əlavə motivasiya ola bilər?

- Rəqiblərin Yaponiya və ya başqa ölkə idmançısı olmasının fərqi yoxdur. Mən belə düşünürəm: İdmançının öz günü olur. Hansı ki, həmin gündə yaxşı güləşir, özünü yarışa yaxşı hazırlaşdırır, çıxır və qələbə qazanır. Fərqi yoxdur: lap üstünə iki və ya üç yapon gəlsin. Mən bir dəfə bu ölkənin təmsilçisini məğlub etməklə, inanmıram ki, Orucov, Səfərov və ya Qasımovda qələbəmlə bağlı hansısa stimul yaransın və onlar da yapon rəqiblərini udsunlar. Məndən öncə də həmin stimul onlarda var idi.

- Böyük Dəbilqədə qazandığınız qızıl medalın karyeranızdakı yeri nə qədər böyükdür? 

- Bu, belə turnirlərdə ilk qızıl medalımdır. Daha öncə gənclər arasında Avropa və dünya çempionatının bürünc medalını qazanmışam. "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında da qalib olmuşam.

Son xəbərlər

Orphus sistemi