Fərid Qayıbov: "Gimnastika Azərbaycanda idmanın inkişafında böyük rol oynayır"

Fərid Qayıbov: "Gimnastika Azərbaycanda idmanın inkişafında böyük rol oynayır" Bakı. 18 dekabr. REPORT.AZ/ “İlk növbədə, təltifə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Mənim üçün çətin, lakin maraqlı bir il idi. Çünki ötən ilin sonunda məni Avropa Gimnastika İttifaqına prezident seçmişdilər”.
Fərdi
18 Dekabr , 2018 15:00
Fərid Qayıbov: Gimnastika Azərbaycanda idmanın inkişafında böyük rol oynayır
Report/Firi Salim

Bakı. 18 dekabr. REPORT.AZ/ “İlk növbədə, təltifə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Mənim üçün çətin, lakin maraqlı bir il idi. Çünki ötən ilin sonunda məni Avropa Gimnastika İttifaqına prezident seçmişdilər”.

"Report" xəbər verir ki, bunu Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018”in mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

“İlin idman xadimi” seçilən qurum rəhbəri ötən müddət ərzində görülən işlərə diqqət çəkib: “Avropa çempionatları ilə yanaşı, bir sıra tədbirlərdə iştirak etdim. UEG-nin də iclasları oldu. Bu iclaslarda qurumun gələcək siyasəti, iş planı müzakirə edildi. Onun üzərində işləyirdik. Artıq müəyyən nəticələr də var. Sonda, demək olar ki, bunlar UEG üçün uğurlu oldu. Fikrimcə, bizim qərarlar özünü doğrultdu. Artıq bu qərarlardan bəzilərinin bu il nəticəsini görə bilirik. Bəzilərinin nəticəsi isə növbəti il üzdə olacaq. Bugünlərdə UEG-nin yeni saytı istifadəyə verilib”.

F.Qayıbov Azərbaycan gimnastikasının uğurlarından da söz açıb: “On beş il bu Federasiyada çalışmışam. Son illər baş katib kimi işləmişəm. Təbii ki, indidə müəyyən məsləhətlər verirəm. Lakin artıq UEG-nin prezidentiyəm. Burada 50 federasiya var. Mən bütün federasiyalara eyni gözlə baxmalıyam və eyni yanaşmalıyam. 2017-ci ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) ilin ən yaxşı gimnastika federasiyası seçilib. Bu yaxşı nəticə və işin ən yaxşı göstəricisidir. İdmançılarımızın da uğurları olub. Bu il Avropa çempionumuz var. Mixail Malkin tamblinq növü üzrə birinci olub. Bədii gimnastlarımız da Avropa çempionatında medal qazanıblar. Yəni nəticələr var. Ən böyük nəticə odur ki, gimnastika Azərbaycanda idmanın inkişafında böyük rol oynayır. Biz deyirik ki, idman gimnastikadan başlayır. Bu, doğurdadan da, belədir”.

UEG-nin prezidenti bu il Bakıda 6 irimiqyaslı yarışın keçirildiyini vurğulayıb: “Ölkəmizdə 3 Dünya Kuboku və Avropa çempionatı təşkil olunub. Müxtəlif beynəlxalq yarışlar da Bakıda keçirilib. 2019-cu ildə bundan daha çox tədbirlər olacaq. Yenə 3 Dünya Kuboku olacaq ki, hər biri olimpiya idman növləri üzrədir və olimpiadaya lisenziya xalları verəcək. Cari ildə bir Dünya Kubokuna 20-25 ölkə gəlibsə, artıq sifariş formalarında görürük ki, növbəti ildə 48-50 ölkə iştirak edəcək. Azərbaycana gələn ölkələrin sayı da artır. Bizi növbəti ildə bədii gimnastika və aerobika növü üzrə iki Avropa çempionatı və bədii gimnastika üzrə dünya çempionatı gözləyir. Bu mundial da olimpiadaya lisenziya xarakterlidir. İdmançılarımıza uğurlar arzulayıram. İnanıram ki, onlar Yay Olimpiya Oyunlarına yetərincə lisenziya qazanacaqlar”.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018” layihəsi üzrə mükafatlandırma mərasimi keçirilib

Son xəbərlər

Orphus sistemi