Fərid Novruzi: "Hindu mənə dedi ki, neftiniz çoxdur, zəngin ölkəsiniz" - MÜSAHİBƏ

Fərid Novruzi: "Hindu mənə dedi ki, neftiniz çoxdur, zəngin ölkəsiniz" - MÜSAHİBƏ Dünya səyahətindən qayıdan azərbaycanlı iş adamı Fərid Novruzinin “Report”a müsahibəsi
Fərdi
30 Yanvar , 2022 12:00
Fərid Novruzi: Hindu mənə dedi ki, neftiniz çoxdur, zəngin ölkəsiniz - MÜSAHİBƏ
Fərid Novruzi

Dünya səyahətindən qayıdan azərbaycanlı iş adamı Fərid Novruzinin “Report”a müsahibəsi

"Artıq 22 ildir dayanmadan üzürük"

- Bu müsahibəyə hazırlaşarkən sizin instaqram paylaşımınızla tanış olduq. Orada balıqçı və Harvard məzunu barədə yazmısınız. Belə anlaşılır ki, orada “axırı yaxşı olmaqdansa, əvvəli yaxşı olsun” mesajı verirsiniz. Biznes həm də strateji məsələdir. Bu baxımdan biznesmen üçün sabahl yox, bu günü düşünmək nə dərəcədə uğurlu addımdır?

- O mövzuda çox məsələ var. Onlardan biri də budur ki, insanlar həyatının çox hissəsini pul qazanmağa sərf edir. İkinci hissədə isə həmin pulları dərmanlara xərcləyirlər. Bu dərəcəyə çatmamaq üçün insan həm vaxtından, həm də işinin səmərəliliyindən düzgün istifadə etməlidir. İş həyatı elədir ki, orada hər hansı limit yoxdur. Mənim dünyamda iş həyatı ucsuz-bucaqsız okeandır. Ora girəndə yalnız üzüb getməlisən. Hansısa zirvənin limiti – Everesti varsa, sonsuz okeanlarda istədiyin qədər üz, yenə keçə bilməyəcəksən. Buna görə də hər zaman hərəkətdə olmalısan. Lakin burada çox önəmli bir məqam var ki, iş adamları okeanlardakı hər hansı adaya çıxanda öz lövbərini ora atır. Kimsə oradan daha böyük adaya doğru üzməyə başlayır. Bu proses öz yaşamını gördüyü adanı tapanadək bitmir. Yaxşı üzgüçüsənsə, üzəcəksən. Əks-halda səhhətində problem yaranacaq. İş həyatı da belədir. Artıq 22 ildir dayanmadan hərəkət edirik, üzürük, dayanmırıq (gülür - red.). Bəzən həyatın hər hansı məqamında görürsən ki, sağlamlığında problem çıxıb. Xüsusilə pandemiya dövrü dünyadakı iş adamlarını stresli vəziyyətə salmışdı.

- Sizi səyahətlərə çıxmağa nə sövq etdi?

- Biz daim hərəkətdəyik, davamlı inkişafa doğru gedirik. Mən bundan düzgün istifadə etməyə başladım. Çünki insan öz həyata baxışını, dünya görüşünü artırmalıdır. İnsan üçün ən gözəl istirahət növü səyahətdir. Əlbəttə, bu, bizim anladığımız standart dincəlmək deyil. Səyahətin özü də bir işdir. Orada topladığın məlumatlar, xatirələr, mənzərələr insana mənəvi istirahət verir. Həmin məqamda sənin beynin fokuslandığı əvvəlki iş həyatından ayrılır və dincəlməyə başlayır. Artıq həyatımda da bunu görə bilirəm. Hər səyahətdən yenilənmiş fikirlər və ideyalarla qayıdıram.

- 2021-ci ildə 30, ümumilikdə isə 90 ölkədə olmusunuz. Pandemiya dövründə sərhədlərin bağlı müxtəlif məhdudidyyətlərin olduğunu nəzərə alsaq, bu qədər ölkəni gəzmək çətin olmadı?
- Əlbəttə, bu cür səyahətlər çətinliksiz olmur. Sadəcə, COVID-19-la bağlı sertifikatınız varsa və gedəcəyiniz ölkələrin tələblərini öyrənmisinizsə, heç bir problem yaranmır. Düzdür, sərhəddə gözləmə məqamlarında stres keçirirsən ki, birdən hansısa sənədi qəbul etməzlər. Amma sevindiricidir ki, elə bir hal yaşanmadı. 23 quru sərhədi keçdim. Bəzilərində viza ilə bağlı problem çıxanda məsələni araşdıranadək məni gözlətdilər. Bundan başqa, heç bir problem olmadı.

- Elə əsas çətinlik də viza ilə bağlıdır...
- Azərbaycan pasportu 63 ölkədə, xüsusilə də Cənubi Amerika dövlətlərində vizasız qəbul olunur. Kolumbiyaya ümumiyətlə viza lazım deyil. Panamada isə vəziyyət belədir ki, pasportunuzda daha əvvəldən Şengen vizası varsa, onunla keçə bilirsiniz. Meksika, Boliviya, Ekvador kimi ölkələr də bizim pasportumuzu qəbul edir. Ona görə də heç bir problem olmurdu. Şengen də bütün Avropa ölkələri üçün kifayət edir. Məndə həm Şengen, həm də Amerika vizası var. 23 ölkəyə Azərbaycan pasportu və həmin vizalarla daxil ola bildim.

"İki mərhələli səyahətimi 158 gündə həyata keçirə bildim"

- Siz yalnız dəniz kənarında yerləşən ölkələri gəzmisiniz?
- Xeyr, heç də hamısı dəniz kənarında deyildi. Sadəcə, belə gətirdi ki, əksəriyyəti həm dəniz, həm də okean sahilində yerləşirdi. Məsələn, Avropada dənizə çıxışı olmayan Sloveniya və Şimali Makedoniya kimi ölkələrdə də oldum. Əsas məqsədim dünyanı dönmək və bu zaman da ekvator xətti qədər məsafə qət etmək idi. Bu uzunluq 40 000 km-dir. Ona görə də ekvator xəttini iki dəfə keçdim. Amma meridianlar üzrə başlanğıc xətti Kolumbiyadan dönüb qayıtdım. İki mərhələli səyahətimi 158 gündə həyata keçirə bildim.

- Neçə kilometr məsafə qət etdiyinizə baxdınız?
- 60 000 kilometr məsafə qət etdim. Məsafənin 40 000 kilometrədək olan hissəsini ancaq okean və dənizlərdən keçdim. Səyahətin ən maraqlı hissələri də bunlar idi.

- Okean və dənizlərlə getmək yolu xeyli qısaldır...
- Düzdür, qısaldır. Amma başqa yol da yoxdur. Dünyanı dövrə vuracaqsınızsa, başqa alternativ mümkün deyil. Təyyarə ilə getmirsənizsə, quru və su yolu ilə hərəkət etməlisiniz.

- Məsələn, Cənubi Amerikaya hansı yolla getdiniz?
- Portuqaliyadan yelkənli gəmi ilə Karib adalarına, daha sonra isə Kolumbiyaya çatdım. Oradan Panamaya keçid etdim və gəmidən enərək Kosta-Rikaya daxil oldum. Bütün qitələrdə olmalı idim. Panamadan Kosta-Rikaya keçəndə Şimali Amerikada da oldum. Orada səyahətimi tamamladım və təyyarə ilə evə qayıtdım.

- Gəzdiyiniz ölkə və şəhərlər barədə məlumatlarınız nələrin əsasında formalaşır: gördükləriniz, yoxsa oxuduqlarınız? Sizcə, çox gəzən, yoxsa çox oxuyan daha geniş bilgiyə sahib olur?
- Məncə, insanda hər ikisinin olması daha yaxşıdır. Getdiyin yerlər barəsində əvvəlcədən oxusan, sənin üçün daha faydalı olar. Belədə daha məlumatlı olursan. Çalışıram ki, ölkəni yerli insanların vasitəsilə tanıyım. Çünki onlar daha detallı məlumat verir, maraqlı yerləri göstərir. Bu yolla topladığım maraqlı məlumatları insanlarla bölüşürəm. İstəmirəm ki, paylaşımımdakı məlumatlar vikipediadakı ilə eyni olsun. İzləyicilərimə, dostlarıma unikal məlumatları çatdırmaq istəyirəm.

- Yəqin, görüşdükləriniz sadə insanlar idi...
- Bəli, hamısı sadə, ölkədə tanınmış insanlardır. Əksəriyyəti dağ gidləridir. Çünki ölkəni ziyarət edərkən bir neçə parametrim var idi. Yalnız tarixi, memarlıq cəhətdən görkəmli bir yeri görməyi yox, hər hansı zirvəyə çıxmağı da qarşıma hədəf qoyuram. Bunu gerçəkləşdirmək üçün mənə dağ gidləri lazım olur. Elələri olur ki, həm şəhəri, həm dağları gəzdirir, həm də həmin yerin tarixindən danışır.

"Azərbaycan haqqında izahlı məlumat verməyə ehtiyac yoxdur"

- Hər ölkədə tanıdığınız bir şəxsin olması iş adamı kimi də sizə lazım ola bilər. Məsələn, ən azı sizin səviyyənizdə biri...
- Xeyr. Bu, səyahət olduğu üçün iş həyatımı bir kənara qoyuram. Orada sırf maraqlı məlumatlar əldə etməyə çalışıram. Bunun üçün isə hər hansı iş adamına ehtiyac yoxdur. Ölkəni tanıyan insan kifayət edir. Ünsiyyətim də onlarla olur. Amma təbii ki, iş səyahətləri də edirəm. Bu zaman iş adamlarından da fərqli məlumatlar toplayıram. Lakin işi səyahətdən ayırıram.

- Yəni, səyahət zamanı həmin ölkənin nümayəndəsinə Azərbaycan barədə məlumat verməyə ehtiyac qalmır?
- Xeyr, bu, başqa məsələdir, bizim borcumuzdur. Azərbaycan haqqında həqiqətləri, məlumatları imkan olduqca danışır, paylaşır, müxtəlif insanlara çatdırıram. İndiyədən tanış olduğum insanlar bunlara sevə-sevə qulaq asıb. Onlar qarşısındakı insanın kim olduğunu bildikləri üçün səni dinləyir, fikirlərini qəbul edirlər, ölkəmiz haqqında məlumatları artır. Məsələn, xaricdə tanış olduğum bəzi insanlar sırf mənim onlara təqdimatımdan o qədər həvəsləniblər ki, Azərbaycanı görməyə gəliblər. Mən də onları ən gözəl şəkildə qəbul edib yola salmağa çalışıram. İnsanlar Azərbaycanı tanıyandan sonra daha əvvəl bura gəlmədikləri üçün çox peşman olurlar.

- Başqa ölkənin nümayəndələri Azərbaycanı daha çox nəyi ilə tanıyırlar?
- Panamanın yaxınlığında bir arxipelaq var. Orada hindu tayfası yaşayır. Onlara kuna deyirlər. Həmin tayfanın bir nümayəndəsi ilə tanış oldum. Haradan olduğumu soruşdu. Dedim ki, Azərbaycandanam. Bildirdi ki, maşallah, sizin neftiniz çoxdur, zəngin ölkəsiniz. Soruşdum ki, sən bunu haradan bilirsən? Dedi ki, ölkələr haqqında məlumat toplamağı xoşlayıram, bu yaxınlarda Azərbaycan haqqında oxumuşam. Gəmidəki amerikalıların birinə Azərbaycan haqqında danışanda soruşdu ki, bu, hansı ölkədir? Hindu isə bizim ölkəmiz haqqında məlumatlıdır. Bu, sevindirici hal oldu. Bu gün Azərbaycan haqqında izahlı məlumat verməyə ehtiyac yoxdur. Çoxları ölkənin harada yerləşdiyini bilir. Əksər insanlar bizi neft-qaz ölkəsi kimi tanıyır. Avropalıların xatirələrində isə Avroviziya Mahnı Müsabiqəsi ilə qalmışıq. Qarabağ münaqişəsi barədə də suallar verənlər olur.

- Sizin səyahətinizin bir hissəsi elə 44 günlük müharibə vaxtına təsadüf etmişdi...
- Bəli. Baxırsan ki, onlarda olan məlumatlar o biri tərəfdən gələn informasiyadır. Yenə də faktları ortaya qoyaraq Qarabağın Azərbaycan ərazisi olmasını, ermənilərin oraya sonradan gəldiklərini izahlı formada danışırdım. Hətta bir dəfə səyahətimlə bağlı təqdimat etmişdim. Həmin təqdimatda slaydlar Azərbaycana həsr olunmuşdu. Məni dinləyən insanların əksəriyyəti almanlar, ingilislər, fransızlar və amerikanlar idi. Onlara həm səyahətim, həm də Azərbaycanın tarixi haqqında danışmışdım. Düşünürəm ki, hər bir azərbaycanlı harada olmasından asılı olmayaraq, ölkəsini yaxşı təmsil etməli, düzgün tanıtdırmalıdır. Bunun üçün çox oxumaq lazımdır.

"Somalinin yanından keçəndə məlumat gəldi ki, 3 gün qaranlıqda gedəcəyik"

- 158 günə 6 qitəni gəzmisiniz. Sərhədləri keçərkən dəniz quldurları və ya hər hansı ölkədəki kriminal vəziyyətlə bağlı problem yaşamadınız?
- Sevindirici haldır ki, bu cür təhlükəli məqamlarla qarşılaşmadım. Bir az Kolumbiyada özümü narahat hiss etdim. Çünki statistika baxımından ora kriminal ölkə hesab olunur. Dəniz quldurları ilə bağlı bir hadisə də başıma gəldi. Birinci mərhələdə gəmimiz Aden körfəzindən Qırmızı dənizə daxil olanda piratların çox olduğu Somali və Eritreya kimi ölkələrin yaxınlığından keçdik. Son 5-6 ildə həmin yerlərdə böyük gəmilərə hücumlar edilib. Gəmiləri sahilə çəkib girov götürür və pul tələb edirlər. Təhlükəli hissədən keçəndə gəmi kapitanından məlumat gəldi ki, 3 gün qaranlıqda gedəcəyik. Bildirdilər ki, gün batan kimi heç kəs işıqları söndürməsin. Pərdələri kip saxlayırdıq ki, işıq düşməsin. Dəniz quldurlarının bizə hücumu yüz faizlik olmasa da, heç kim buna təminat vermirdi. Ona görə dedilər ki, ehtiyatlı davranaq və həmin bölgəni sakit keçək. Bizə axşam vaxtı otaqlardan çxmamağı tövsiyə etdilər. Həmin vaxt insana həyəcan gəlir ki, birdən nə isə olar. Axı piratlar mənfəət əldə etmək istəyirlər. Bizim gəmimiz isə onların kriteriyalarına tam uyğun gəlirdi (gülür). Oranı problemsiz keçib Süveyş kanalına daxil olduq və daha sonra Aralıq dənizinə keçid etdik.

- Dənizdə fırtına təhlükəsi ilə üzləşmədiniz?
- Belə hallar da oldu. Amma müasir naviqasiya və hava proqnozları məlumatı o qədər mükəmməl ötürür ki, gəmi kapitanı istiqamətini dəyişərək fırtına olan yerin yanından keçə bilir. Atlantik okeanını yelkənli gəmi ilə keçərkən Vanda adlı qasırğa ortaya çıxmışdı və Şimali Amerikaya doğru gedirdi. Biz ondan yan keçsək də, təsirini hiss etdik. İndi fikirləşin, qasırğanın içinə düşsəydik, necə olardı? Onun dərəcələri var. Minimum dərəcə olsa da, gəmimizi çox yelləndirirdi. Ayaq üstdə dayanmağa çətinlik çəkirdik.

- Yəqin ki, belə səyahətlər zamanı ailə üzvləriniz də həyəcan keçirir...
- (Gülür). Əlbəttə, həyəcanlanırlar. Həta beyinlərində, ürəklərində mənimlə birlikdə səyahət edirlər. Anam və həyat yoldaşım çox həyəcanlı olur. Çalışıram ki, hər zaman əlaqədə olaq və onlara gündəlik məlumat verim. Çətinlik olanda belə, bu barədə danışmıram.

- Dənizin ortasında əlaqə vasitələri hansı səviyədə olur?
- Yelkənli gəmidə peykin internetindən istifadə edirdik. Bahalı xidmət olsa da, hər halda əlaqə vasitəsidir. Bu vasitə ilə ailəmizlə əlaqə saxlayırdıq. Ayrıca, GPS kanalım var idi ki, ailəmə mənim yaxşı olmağımla bağlı məlumat ötürürdü. Yəni, hər hansı təhlükə olanda məlumatı həm ailəyə, həm də müvafiq qurumlara ötürə bilirsən ki, gəlib səni tapsınlar.

"Dünya səyahəti ilə bağlı kitabım işıq üzü görəcək"

- Yəqin ki, ən çox işlətdiyiniz pul vahidi ABŞ dolları idi...
- Bəli, daha çox dollardan istifadə edirdik. Çünki bu pul vahidi hər yerdə qəbul olunur. İkinci yerdə avro dayanır. Daha sonra isə yerli pul vahidləridir. Başıma hansısa hadisə gəlsə, əsas 3 şeyi üzərimdə saxlamağa çalışıram. Bunlar pasport, sim-kart və bank kartıdır. Çünki bunlar yanındadırsa, harada olsan belə, vəziyyətdən çıxa bilərsən.

- Bu kartlar bütün ölkələrdə keçərlidir?
- Hətta ən ucqar adalarda belə, "Visa" və "Mastercard" keçir, heç bir problem olmur. Sim-kart ailə üzvlərinlə, yaxınlarınla əlaqə qurmaq, pasport isə səyahətini davam etdirmək üçün lazımdır. Ona görə də bu 3 əşya hər zaman səyahətçinin yanında olmalıdır.

- Biznesə 4 000 ABŞ dolları ilə başladığınızı açıqlamısınız. Maraqlıdır, bu qədər vəsait dünya səyahətinin hansı hissəsinədək yetərlidir və ümumiyyətlə, sirr deyilsə, səyahətiniz hansı məbləğə başa gəldi?

- Doğrudur, biznesə 4 000 dollarla başlamışdım. Amma hazırda bu məbləğ 2-3 ölkəni gəzə biləcək qədərdir. Dünya səyahəti üçün lazım olacaq məbləğin minimumu və maksimumu olur. BU, səyahəti hansı komfortda keçirmək istəyinizdən asılıdır. Səfər ideal, komfortludursa, məbləğ artacaq. Minimum məbləğlə səyahət hədəfi qoyulacağı təqdirdə isə bu, 40 000 manatdan hesablana bilər. Çünki 40 ölkəyə gedəcəksinizsə, hər bir ölkədə xərclər minimum 1 000 manatdan hesablanmalıdır. Bura ölkədə qalmaq, gündəlik yaşayış və s. xərclər daxildir. Ən əsas xərclər okeanları gəmi ilə keçməyə gedir. Çünki bu səyahət çox baha başa gəlir.

- Dominikan Respublikasında "Survivor" yarışması keçirilir. Maraqlıdır, orada da oldunuz?
- Hər bir ölkə həmin verilişi keçirmək üçün ərazi, ada seçir. Rusiyanın Panamaya aid gözəl bir adada təşkil etdiyi “Poslednıy geroy” (“Sonuncu qəhrəman”) yarışında oldum. O adanı ziyarət etdim. Amma Dominikanda olmamışam.

- Səyahətlərinizlə bağlı videoları instaqram səhifənizdə yerləşdirirsiniz. Bəs kitab formasına salmağı düşünürsünüz?
- Bəli. Aktiv olaraq, 2010-cu ildən səyahət edirəm. Daha əvvəl işlə bağlı səyahətlərim olurdu. Müsahibənin əvvəlində də dediyim ki, həyatımı sırf eyni işlərə, eyni layihələrə sərf etsəm, heç bir anlamı olmaz. Gələcəkdə nəvələrimə nə danışacağam? O mağazanı açdım, bu işi gördüm. Bu səbəbdən, 2010-cu ildə həm dağ zirvələrinə çıxmaq, həm təbiətdə trekinq (uzun yürüşlər) etmək, həm də özüm üçün yeni ölkələri kəşf etməyi qərara aldım. Ardıcıllıqla fərqli ölkələri ziyarət etməyə və oralarda gördüklərimi sosial şəbəkələrdə paylaşmağa başladım. Diqqətimi o məqamlar çəkdi ki, paylaşdıqlarım insanlar üçün maraqlı oldu. Paylaşımlar zamanı yazıları doğma dilimizdə də yazıram ki, daha çox insanın məlumatı olsun. Çünki bizdə bununla bağlı nə maraqlı verilişlər, nə də səyahət proqramları var. Əvvəllər müəyyən proqramlar mövcud olsa da, hazırda sistematik, davamlı layihələr yoxdur. Ona görə də müxtəlif ölkələri, orada baş verən hadisələri sosial şəbəkələr vasitəsilə insanlara çatdırmağı özümə hobbi olaraq seçmişəm. Bunu fərqli formata gətirməyə çalışıram. Bu yaxınlarda yeni veb-saytım da hazır olacaq. Orada səyahətlərlə bağlı daha ətraflı məlumatlar yer alacaq. Eyni zamanda, kitab üzərində çalışıram. Artıq işləri tamamlamışam. Dünya səyahəti ilə bağlı kitabım işıq üzü görəcək.

- Hansı dillərdə nəşr olunacaq?
- Kitab Azərbaycan, ingilis və rus dillərində olacaq.

- Adı nədir?
- “Pandemiya dövründə dünya səyahəti”.

"Azərbaycanlılar nə qədər çox səhayət etsə, ölkəmizi bir o qədər yaxşı tanıyacaqlar"

- Tək sizin üçün yox, hər bir insan üçün istirahət mədəniyyəti nə deməkdir? Kimisi bunu oturub yeyib-içmək, kimisi hər hansı başqa bir işlə məşğul olmaq kimi dəyərləndirir. Bəs, siz necə düşünürsünüz?
- (Gülür). Bu, fərdi yanaşmadır. Dincəlmək kimin üçünsə yeyib-içmək, rayona getmək, Antalyaya yollanıb yalnız dənizin qırağında uzanmaq, yaxud da yeyib, yatıb, dincəlməkdir. Mənim nəzərimdə isə istirahət dünyanı kəşf etməkdir. Burada əsas rolu insan beyni oynayır. Siz beyninizi necə dincəldirsiniz? Bəsit istirahət mənə ləzzət vermir, bunu heç xoşlamıram. Çünki yenə də əlinin altında telefondur, uzanırsan, baxırsan ki, e-mailinə mesajlar gəlib, cavab verməlisən. Heç nə etmirsən, vaxtını səmərəli keçirməyə çalışırsan və yenə iş həyatına atılırsan. Bu isə artıq dincəlmək deyil. Amma səyahət edərkən hər şeyi unudursan. Hər günün yeni bir məkanda keçir. Avtobusa minib başqa bir kəndə gedirsən, daha sonra dağa çıxırsan. Telefonu açıb baxmağa vaxtın olmur. Yalnız axşam hotelə qayıdanda instaqrama qoymağa şəkil axtarırsan. Sonra yatıb səhər 05:00-da durursan və yeni bir yerə gedirsən. Mənim beynim məhz belə vaxtlarda dincəlir. Amma insanlar fərqlidir. Dincəlmək bəziləri üçün ailəsi ilə birlikdə olmaq, bəziləri üçün yaxın məsafələrə getməkdir.

- Yəni, siz məsləhət görürsünüz ki, insanlar dünyanı kəşf etsinlər?
- Bəli, bu, hər kəsə lazımdır. Çünki belədə dünyagörüşü zəngin olan insanlarımız da çox olar. Bu, həm insanın özü, həm də ölkəsi üçün yaxşıdır. Bu cür insanların hər bir işə yanaşması fərqli olacaq. İkincisi, biz azərbaycanlılar nə qədər çox səhayət etsək, ölkəmizi bir o qədər yaxşı tanıyacaqlar. Məsələn, dünyanın 30 ölkəsindən bir qrup formalaşıb və harasa gedirsiniz. Onların çoxu Avropadan olurlar. Nadir hallarda onların arasında azərbaycanlı yer alır. Almanlar, ingilislər bir-birilərini tanıdıqları üçün ölkələri ilə bağlı əlavə təqdimata ehtiyac olmur. Ona görə də sənə fokuslarınırlar və özlərini maraqlandıran suallar verirlər. Danışmağa başlayanda görürlər ki, gəldiyiniz ölkə xeyli inkişaf edib. Sizin ora getdməyiniz ölkəniz haqqında onlarda fikir formalaşdırır. Düşünürlər ki, bu cür çətin ekspediyaya gəlibsə, deməli, Azərbaycanda da belə səyahət növünü sevən və seçən insanlar var.

- Belə anlaşılır ki, səyahətə çıxarkən tək deyildiniz...
- Əlbəttə, tək deyildim. Məsələn, gəmidə hamısı fərqli ölkələrdən olan 135 nəfər var idi və hamısı səyahətə çıxmışdı.

- Görünür, təkcə Azərbaycanda bu sahəyə elə də maraq yoxdur...
- Bəli. Ona görə də təəccüblənirlər. Amma düşünün ki, sizdən sonra sabah hansısa həmyerlinizlə səyahət edəndə deyəcəklər ki, Azərbaycanı tanıyırıq. Bizim haqqımızda başqa ölkələrdə də eşidib-biləcəklər. Bu səbəbdən, dünyaya yayılmaq lazımdır. Artıq Antalya, Dubay və s. kimi standart istiqamətlərdən vaz keçib unikal variantları seçmək lazımdır.

- Ölkələrlə yanaşı, zirvələri fəth etməyi də xoşlayırsınız...
- Bəli, 25 zirvədə olmuşam.

- Müsahibələrinizdən birində Everest zirvəsinə də qalxmaq istədiyinizi bildirmisiniz. Bu, sizə təhlükəli gəlmir?
- Düzdür, belə bir istəyim, planım var. Hər şey hazırlıqdan asılıdır. Artıq bu istiqamətdə addımlarımı atır, özümü hazırlayıram. Ora getməzdən öncə hündürlüyü ona yaxın olan fərqli zirvələrdə olmaq lazımdır. Artıq 6 000 metrlik zirvələrə çıxmışam, növbəti hədəf 7 000-lik zirvələrdir.

"Şuşanın havasının dadını hiss edirəm"

- Azərbaycanda bütün yüksəklikləri fəth etmisiniz?
- Bəli, demək olar ki, əksər zirvələrdə olmuşam. Bazardüzü, Tufandağ, Şahdağ, Heydər zirvəsinə, Xınalıq dağı, Babadağa çxmışam. Dünyada çox sayda fərqli dağ var. Ağrı dağında, Savalanda, Elbrusda, Kazbekdə olmuşam. Həmçinin Boliviyada 6 000 metr hündürlüyü olan Potosi yüksəkliyinə dırmanmışam. Səhhətimdə heç bir problem olmayıb, özümü normal hiss etmişəm. Bu, hazırlığın bir növüdür. Özünü yavaş-yavaş 8 848 metrlik yüksəliyə hazırlayırsan.

- Alpinistlərin xidmətindən də istifadə edəcəksiniz?
- Əlbəttə. Bu sahədə illərdir təşkilatçılıq təcrübələri olan şirkətlər var, çoxdandır bu işi görürlər. Onların təcrübəsindən faydalanaraq Everest zirvəsinə çıxmağı düşünürəm.

- Bu qədər ölkə və zirvələrdən sonra Şuşada da oldunuz...
- Bəli, Allah qismət etdi, doğma, gözəl Şuşada olduq.

- Bu səyahətlər arasında Şuşanın yeri haradadır?
- Ən gözəli Şuşadır. Ora getməyin yeri tamam başqadır. Şuşaya gedəndə avqust ayı idi. Hətta yaxın dostuma da dedim ki, Şuşanın havasının dadını hiss edirəm. Çox maraqlı, fərqli bir şeydir. Azərbaycanın əksər guşələrində olmuşam. Amma Şuşadakı hava, atmosfer heç bir yerdəki ilə müqayisə olunmur.

Son xəbərlər

Orphus sistemi