"Oktyabrın sonlarında Macarıstanda cüdo üzrə Böyük Dəbilqə yarışı oldu. Həmin yarışda millinin digər üzvləri kimi Hidayət Heydərov da iştirak etdi. Həmin ölkəyə yollanmamışdan əvvəl Heydərovun verdiyi testin nəticəsi mənfi oldu. Bu səbəbdən o, paytaxt Budapeştə yollandı".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu Hidayət Heydərovun koronavirusa yoluxmasına münasibət bildirərkən deyib.
Federasiya rəsmisi bildirib ki, cüdo yarışlarında koronavirus pandemiyası ilə bağlı məsələlər tam ciddidir: "İdmançılar ölkəyə daxil olanda da testdən keçirlər. Nəticə məlum olmamış heç kim hoteldən buraxılmır. Məlum olduqdan sonra da yalnız yarış yerinə, oradan isə hotelə qayıdırlar. Nəinki idmançılar, nümayəndələr də şəhərə buraxılmır. Həmin vaxtda da cüdoçunun testi mənfi oldu və Hidayət yarışa qatıldı. Ölkəyə qayıdan zaman verdiyi testindən isə koronavirus çıxmadı. Yəni ölkədən gedəndə, qayıdanda və yarış vaxtı bütün testin nəticələri mənfi idi".
Əşrəfoğlu millinin yarışdan sonra 4 günlük istirahətə buraxıldığı müddətdə Heydərovun virusa yoluxduğunu söyləyib: "Nə baş veribsə, həmin 4 gündə olub. Biz Bakıda cüdoçulardan federasiyanın təşəbbüsü ilə əlavə testlər götürdük. Bu isə Avropa çempionatına hazırlıqla bağlı idi, komandanı bir yerə toplayırdıq. Həmin vaxt artıq testin nəticəsi müsbət idi. İdmançı dərhal təcrid edildi. Hazırda öz evində müalicə alır və məşqlərdən kənarlaşdırılıb. Avropa çempionatı üçün açıqlanan heyətə salınmayıb".
Fedasiyası rəsmisi deyib ki, nəinki idmançılar, hamı koronavirusdan özlərini qorumalıdır: "Məsuliyyət insanın özündə olmalıdır. Özünü qoruyacaqsansa və deyilənlərə əməl edəcəksənsə, koronavirusdan uzaqlaşacaqsan. Hidayət 73 kq çəki dərəcəsində milli komanda üçün uğurlar qazanıb və hazırda çəkisini dəyişərək 81 kq-da çıxış edir. Həmin çəkidə Murad Fətiyev reytinqə görə Heydərovdan irəlidə olduğu üçün Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında Azərbaycanı təmsil edəcək. Hidayətə Allahdan şəfa diləyirik. Bu gün yenidən test verəcək. İnanırıq ki, testin nəticəsi mənfi olacaq. Amma bütün qaydalara riayət ediləcək və deyildiyi qədər komandadan uzaq tutulacaq, məşqə və heyətə buraxılmayacaq".
Qeyd edək ki, Hidayət Heydərovdan noyabrın 2-də götürülmüş testin nəticəsi müsbət olub.