Yuxarı
    Bağlamaq

    Fazil Məmmədov: "Stolüstü tennisçilərimiz Asiya zonasında çıxış etsəydilər, daha tez nəticə əldə edərdilər" - MÜSAHİBƏ

    Deyirəm ki, eybi yoxdur, oğurlasalar belə, bizim təbliğatımızdır

    Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədovun “Report”a müsahibəsi:

    - Əvvəlcə Azərbaycan stolüstü tennisçilərinin IV İslam Həmrəyliyi Oyunlarında çıxışını dəyərləndirərdiniz...

    - Nəticələrimiz göz qabağındadır. Qadınlarımız komanda hesabında 2-ci, kişilər isə 3-cü oldular. Fərdi yarışlara gəlincə, iki xanım idmançımız mükafatçılar sırasına düşdü. Biri gümüş, digəri bürünc medal qazandı. Hesab edirəm ki, 2 gümüş, 2 bürünc medal pis nəticə deyil. Bir neçə il öncə bu nəticələri yalnız arzulaya bilərdik. Əlbəttə, daha böyük inkişaf gözləyirik. Komandamız gəncdir, perspektiv var. 2014-cü ildə Şahin Mustafayev Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib. Həmin vaxtdan bəri irəliyə doğru addımlar atılıb, uğurlu nəticələr əldə olunub.

    - Amma medalları qazananlar çinlilər idilər. Onların Azərbaycan milli komandasına cəlb edilmələri bir zərurət idi?

    - Həmin idmançıları götürən zaman onların heç 15 yaşları yox idi. Yaxınlarda dünya çempionatının açılış mərasimində reytinqcə ilk “16-lığ”a düşən ölkələri göstərdirlər, hamısının heyətində asiyalı tennisçilər yer almışdılar. Məsələn, Fransa və ya Hollandiya kimi ölkələrin yığmaları çinlilərdən təşkil olunub. Yəni, bu, dünya təcrübəsidir. Digər tərəfədən, çinlilərin götürülməsi zərurətdən oldu. Üç il əvvəlki ilə indiki nəticələri müqayisə etsək, fərqləri görəcəyik. Ötən il gənclərin Avropa çempionatında gümüş medal qazanmışıq, oğlanlarımız komanda hesabında 2-ci olublar. Bir xanım idmançımız “gümüş”, biri isə “bürünc” əldə edib. Ona görə 15 yaşlı idmançılar cəlb etdik ki, bizim yerli idmançılar da onlarla birlikdə inkişaf etsinlər. Məqsəd öz idmançılarımızın səviyyəsini qaldırmaqdır. Əks halda, özümüzünkülər ola-ola əlavə xərc çəkib, tennisçi gətirməkdə məqsəd nədir? Rəqabət mühitidir. Bundan əvvəl ölkəmizdə polşalı məşqçi fəaliyyət göstərirdi. Avropa məktəbini də öyrənməyə çalışdıq. Polşada təlim-məşq toplanışı təşkil etdik. Amma dünyada stolüstü tennis üzrə aparıcı olan Çin məktəbidir. 1960-cı ildə stolüstü tennis Çinin milli idman növü elan olunub. Orada 30 milyon insan peşəkar tennislə məşğuldur. Ona görə də dünya çempionatlarında ilk 3 yer çinlilərindir. Biz də bu təcrübədən istifadə etmək istəyirik. Komandalarımızı təlim-məşq toplanışları üçün Çinə yollayırıq. Oradan məşqçi cəlb edirik, sınaqçı-rəqiblər tapırıq. Bakı və ətraf rayonlarda tennis mərkəzlərimiz var. Müqavilələrimiz var, orada məşqçilər 6-9 yaşlı uşaqlarla məşğul olurlar. Kütləviliyi artırmalıyıq ki, seçimimiz də çox olsun.

    - Qeyd etdiyiniz Avropa ölkələrində də idmançılar Çindən cəlb olunublar, yoxsa öz vətəndaşları olan çinlilərdir?

    - Özlərində çinli haradandır? Hamısı gətirilmiş idmançılardır. Biz peşəkar idmançılar gətirməmişik ki adımızı tanıtsınlar, vəssalam. Hamısı cavan uşaqlardır. Hələ karyeraları qabaqdadır. Bu işlər ölkədə tennisin təbliğinə xidmət edir.

    - Hazırda neçə çinli tennisçiniz var?

    - Bir oğlan, iki qız komandası var. Ümumilikdə 7 nəfər.

    - Lakin onların hamısı İslamiadada iştirak etmədilər. Dünya çempionatında cəmi 1-i mübarizə apardı. Amma o da 1/64 finalda mübarizəni dayandırdı...

    - Bunlar 16 yaşlı uşaqlardır, perspektivləri qabaqdadır.

    - Yaxınlarda Beynəlxalq Stolüstü Tennis Federasiyasının Konqresində iştirak etdiniz. Orada dünya çempionatındakı iştirakçı sayının həddən artıq çox olması ilə bağlı məsələ qaldırmadınız? Çünki yarış 1/128 finaldan başlayır, heç bir idman növü üzrə dünya çempionatında bu sayda iştirakçı olmur...

    - Dünyanın ən böyük idman federasiyası stolüstü tennis üzrədir. Qurumun 226 üzvü var. Heç futbolda bu qədər üzv yoxdur.

    - Bütün ölkələrin dünya çempionatına idmançı göndərmək imkanı var?

    - Ən azı buna çalışırlar. Orada müəyyən şərtlər var. Məsələn, Avropa və ya Asiya çempionatında iştirak etməyənlər dünya çempionatına da buraxılmırlar. Nə qədər çox iştirakçı olsa, bir o qədər yaxşıdır. Bu, təcrübə mübadiləsidir. Stolüstü tennis elit idman növüdür, sürətli düşüncə tərzinin inkişafına təkan verir. Bəs, niyə uşaqlardan başlamışıq? 2015 -2020 illər üçün stolüstü tennis üzrə inkişaf planımız var. Dörd istiqamət götürmüşük: kütləvlik, yığma komandanın inkişafı, peşəkar mütəxəssislərin formalaşdırılması və klub sisteminin təbliği. Kütləviliyin artırılmasına univeristetlərdə Spartakiadaların keçirilməsi, jurnalistlər, nazirlik işçiləri, daun sindromu, autizmdən əziyyət çəkənlər arasında turnirlərin təşkili və s. daxildir. Ötən il yetkinlik yaşına çatmayanların cəzaçəkmə müəsisəsinə tennis stolları qoyduq, inventarlar hədiyyə etdik. İdman - ulu öndərin və ölkə başçısının böyük bir siyasətidir. Ən başlıcası sağlam həyat tərzidir. Uşaqlarımız nə qədər zərərli vərdişlərdən uzaq durub, sağlam həyat tərzi sürsələr, bizim üçün bir o qədər yaxşıdır.

    - Stolüstü tennis kommersiya baxımından da sərfəli idman növüdür...

    - Bəli, bəzi otellərdə də tennis stolları qoyulub. Hərdən deyirlər ki, şarlar, raketkalar itib. Deyirəm ki, eybi yoxdur, oğurlasalar belə, bizim təbliğatımızdır. Çünki gedib haradasa tennis oynayacaqlar. Birinci kütləvilikdir. Təbii ki, idman nəticələrlə ölçülür. Uğur əldə etmək üçün də bu addımları atırıq. Ötən il beynəlxalq federasiya ilə danışıb, mütəxəssis cəlb etdik. O, 30-a yaxın məşqçimizin iştirakı ilə kurslara qatıldı. Avropa Tennis Federasiyasının iki komitəsində bizim də üzvlərimiz var. Həmçinin, hakimlərimiz üçün beynəlxalq səviyyəli kurs təşkil etmişik. İslamiadada iki hakimimiz vardı. Məktəb, mütəxəssis formalaşdırırıq ki, keçici bir iş olmasın. Klub sisteminin inkişafı da bizim üçün prioritetdir. Müqavilə bağladığımız məşqçilərin hərəsinin bir klubu var. Federasiyanın özü də, məsələn, “Qarabağ” klubu formalaşdırıb. Yəni, bu istiqamətdə işlər aparırıq. I Avropa Oyunları və IV İslam Həmrəyli Oyunları bizim üçün əsas yarışlar idi, diqqətimiz ora yönəlmişdi. Artıq bundan sonra digər məsələlərə baxacağıq. Məsələn, “Şüa” İdman Kompleksini tennisçilərimizin ixtiyarına vermişik. Ora tam təmir olunub, hər cür şərait yaradılıb. Bu yaxınlarda Sumqayıtda 1000 kvadratmetrlik tennis zalı olan İdman Kompleksi istifadəyə verilib. Mərhələli şəkildə digər şəhərlərdə də olacaq. Daha bir istiqamətimiz yığma komandadır. Bayaq qeyd etdim, legionerlər və mütəxəssislər cəlb etdik. Məqsəd güclənməkdir. Stolüstü tennis elədir ki, texnikanı hər nə qədər yaxşı bilsən də, özündən güclü rəqiblə oynamayanadək səviyyə qalxmır. Özündən zəif sparinq-rəqiblə oynayan zəifləyəcək.

    - İdmançıları, əsasən hara təlim-məşq toplanışına göndərirsiniz?

    - Ancaq Çinə. Avropa məktəbi Çinə çata bilməz. Onların əməkdaşlıq etdiyimiz iki akademiyaları var. İdmançılarımız orada gündəlik 3-4 dəfə məşq edirlər.

    - 2020-ci il Tokio Yay Olimpiya Oyunları ilə bağlı planlarınız necədir?

    - Olimpiadaya hələ çox var. Biz də istəkdik ki, uğurlu çıxış edək. Asiya zonasında çıxış etsəydik, daha tez nəticə əldə edə bilərdik. Avropada yenicə başlamışıq. Bizi hələ həzm edə bilmirdilər. Fevralda Fransanın Mets şəhərində təşkil olunmuş yarışda 36 ölkənin idmançıları iştirak edirdilər. Bizim uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər. Dörd turnir olub, hamısında medal qazamışıq. Çexiyada keçirilən yeniyetmələrin yarışında finalda Azərbaycan idmançıları qarşılaşdılar.

    - Bu gedişlə olimpiyadaya lisenziya əldə etmək olar?

    - Nəsə demək çətindir. Söz vermirəm, amma biz də istəyirik ki, töhfəmiz olsun. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi