Fariz Məmmədov: "Boksda təkcə uduzmursan, həm də döyülürsən" - MÜSAHİBƏ

Fariz Məmmədov: "Boksda təkcə uduzmursan, həm də döyülürsən" - MÜSAHİBƏ "Həkimlər icazə verməsə, döyüşə çıxmayacağam"
Fərdi
11 Noyabr , 2014 08:26
Fariz Məmmədov: Boksda təkcə uduzmursan, həm də döyülürsən - MÜSAHİBƏ

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədovun "Report"a müsahibəsi: 

- "AİBA Pro Boxing"dəki növbəti döyüşdə iştirakınız nə dərəcədə realdır?

- Hazırda burnumda iki, gözümün altında isə bir yerdən qırıq var. Bu halda, əslində 3 ay peşəkar idmandan uzaqlaşdırılmalıyam. Bu, sağlamlıq, peşəkar idmanda uzun müddət qalmağım üçün lazımdır. "AİBA Pro Boxing"in həkimi isə məni 1 ay uzaqlaşdırıb. Şübhəsiz ki, bu müddətdə idman etməməli, bərpa prosesi keçməliyəm. Amma mən Andrey Zamkovoyla ilk görüşümdən bir həftə sonra günaşırı məşqə çıxdım. Son məşqim noyabrın 8-də oldu. Həmin gün çox yüklənmə ilə çalışdım. Bu da özünü səhhətimdə büruzə verdi. Baş gicəllənməsi, ürək bulanması oldu. İstəyim, xarakterim nə qədər güclü olsa da, reallığı nəzərə almamaq qeyri-peşəkarlıqdır. Bu, bədəndir, canlı orqanizmdir. Söndüsə, getdi. Ha özünü öldür ki, mən döyüşmək istəyirəm, elə deyil... Hazırda məşqlərimi davam etdirirəm. Bazar ertəsindən xüsusi hazırlıqlarım başlayır. Hesab edirəm ki, bu həftənin sonunadək həkimlər dəqiq qərar verəcəklər. Amma inanın ki, noyabrın 29-da növbəti döyüşümə çıxmağa çalışır, o günlə yaşayıram.

- Növbəti rəqibiniz haqqında nə bilirsiniz?

- O qədər də zəif rəqib saymıram. Ümumiyyətlə, boksda qeyri-ciddi rəqib olmur. Gözlənilməyən vaxtda bir zərbə buraxarsan, onunla hər şey bitər.

- Demək olarmı ki, "AİBA Pro Boxing"ə təmsilçilərimiz uğursuz başladılar? Cavid Çələbiyev və Siz uduzdunuz, Məhəmmədrəsul Məcidova ilk döyüşdən imtinası səbəbindən texniki məğlubiyyət verildi...

- Mən bunu bəxtsizliklə əlaqələndirərdim. Amma uğursuz start əsl idmançılara bir stimuldur. Mayk Tayson deyib: "Hər adam yıxılır. Amma yalnız güclülər ayağa qalxır və davam edirlər". Mən son məşqimdə 48 dəqiqə ərzində yalnız bunu düşünmüşəm. Dəniz kənarında qumun üzərində dayanmadan bu qədər qaçış mənə çətin idi. Burnum tutulmuşdu, beynimə oksigen getmirdi, ağzımla nəfəs alırdım. Qaça-qaça "Fariz, sən bunu etməlisən" dedim. 48 dəqiqə qaçdım və bu tapşırığı 5 ballıq şkala ilə necə lazımdırsa, yerinə yetirdim. Amma hotelə gəlib duş qəbul etdikdən sonra yerimə uzandıqda nasazlıqlarım başladı. Yəni, biz Taysonun dediklərini həyatda yaşayırıq. İxtiyarımız yoxdur ki, qalxmayaq, uğur əldə etməyək. Çünki beşikdən laylamız idman havası ilə çalınıb. Əlimizdən Vətənimiz, millətimiz üçün bu gəlir.

- İndiyədək Azərbaycanda üç döyüş keçirsəniz də, son ikisində uduzmusunuz. Halbuki, xaricdəki döyüşlərinizin əksəriyyətindən qalib ayrılmısınız. Doğma azarkeşlər önündə məğlubiyyətinizin səbəblərini araşdırmısınız?

- Xaricdə özümü daha rahat hiss edirəm. Bu, həqiqətdir. Fikir vermisinizsə, mən həmişə rinqdə əlimlə "2" göstərirəm. Bu, ikinci dəfə qayıdışımı göstərir. Fariz Məmmədov həyata ikinci dəfə 2012-ci ildə doğulub. Karyeramda məcburi fasilə verənədək belə bir problem yox idi. Amma fasilədən sonra doğma divarlar arasında vuruşmaq mənə bir qədər ağır gəlir. Bu döyüşlərin hazırlıq prosesində artıq ikinci dəfədir problem yaşayıram. Məhəmmədrəsul Məcidov döyüşsəydi, mən rinqə çıxmayacaqdım. Məsuliyyət mənim boynumda qaldığından və "AİBA Pro Boxing"in qanunlarına əsasən, rinqə çıxmayana texniki məğlubiyyət yazıldığından, döyüşəsi oldum. Hesab etdim ki, rinqə çıxmasam da, məğlubiyyət var. Amma çıxmaq lazımdır. Çünki Azərbaycan Boks Federasiyası bu qədər əziyyət çəkərək, mənim də, Məcidovun da döyüşlərini Bakıya saldırmış, təşkilati işlər yüksək səviyyədə görülmüşdü. Özü də bilirdim ki, rəqibim 69 kq çəki dərəcəsində ən reytinqli boksçudur. Bununla belə, ümid edirdim ki, bəlkə də bacararam. Rinqə məğlubiyyətlə razılaşaraq, barışaraq çıxmamışdım. Bilirdim ki, məni nə gözləyir. O istəklə çıxmışdım ki, 6 raund ərzində istədiyim zərbəni endirə biləcəyəm. Amma istədiyim kimi döyüşə bilmədim. Sanki rinqdə Fariz Məmmədov deyildi. Zərbə vura bilmirdim. Əllərim tutulmuşdu. Bunların da hamısı səhhətimlə bağlı idi.

- "Məcidov döyüşsəydi, mən rinqə çıxmayacaqdım" dediniz. Səbəb nə idi?

- Səbəb o idi ki, döyüş öncəsi Qəbələdə 3 həftəyədək yüksək səviyyədə ümumi fiziki hazırlıq keçsəm də, Bakıdakı xüsusi hazırlığın ilk günündən qrip xəstəliyinə yoluxdum. Nəticədə, məndə olan xroniki faringit xəstəliyi baş qaldırdı. Son günlərədək bu xəstəlikdən müalicə olunurdum. Rinqə çıxanadək boğazıma sprey vurur, iynə-dərman qəbul edirdim. Rinqə çıxanda düşünürdüm ki, doğrudanmı 6 raund ərzində Zamkovoya istədiyim zərbəni endirə bilməyəcəyəm? Halbuki, peşəkar idman döyüşə belə yanaşmanı sevmir. Dırnaqarası münasibətim özünü döyüşün nəticəsində göstərdi. 2013-cü ilin dekabrında Mattias Pelklə döyüşümə 2 həftə qalmış qabırğam sınmışdı. Rinqə iynə ilə çıxmışdım. Nəticədə, ən çox əziyyət çəkən də elə özüm, əzizlərim oldu. Boksda təkcə məğlub olmursan. Həm də döyülürsən. Döyüldükdən sonra isə sənə aylarla bərpa prosesləri keçmək lazım gəlir. Psixoloji cəhətdən məndə problem yoxdur. Çünki 7 illik həbsxana həyatı mənə Allahın bir hədiyyəsi idi. Düzdür, Pelkə Qəbələdə uduzduqdan sonra məndə psixoloji problem yaranmışdı. Amma Zamkovoyla döyüşümün cəmi 6 raundluq olması və həvəskar boksdan gəlməsi məndə özünəinam yaratmışdı. Amma eyni zamanda içimdən "Sən neynirsən, Fariz? 180 milyon əhali içərisindən bir nömrəli boksçu kimi çıxana qarşı vuruşmaq olar?" sualı məni sıxırdı. Sanki mənə ikinci səhvə yol verdiyimə dair xəbərdarlıq edirdilər. Amma digər tərəfdən, həbsxanadan gələn hiss mənə "Bu rəqibi keçə bilərsən" fikrini təlqin edirdi. "Ağıllı insanlar başqalarının səhvləri üzərində öyrənirlər" məsəlinə inanmıram. İnsan öz səhvindən öyrənir. Hesab etmirəm ki, uduzmuşam. Sadəcə, geri addım atmışam. Məğlubiyyət - döyüşdən sonra depressiyaya düşməyə, bir daha rinqə çıxmamağa deyilir. Amma uğursuz çıxışım məni daha da həvəsləndirir, Qarşıdakı döyüşlərimdə yalnız və yalnız qalib olacağıma inanıram.

- Bəs, düşünmürsünüz ki, eyni səhvi üçüncü dəfə buraxa bilərsiniz?

- Xeyr, mən bu dəfə risk etməyəcəyəm. Həkimlər icazə verməsə, döyüşə çıxmayacağam. Artıq qurtardıq. Təbiətin qanunu ilə kəllə-kəlləyə gəlməyin özü savadsızlıqdır. Nə qədər qəhrəman olursansa, ol, bir şeyi anlamalısan və son döyüşümdən sonra mən də anladım ki, qəhrəmanlar yalnız kinolarda olur. Bunu bütün idmançılara tövsiyə edirəm: Hər hansı yarış öncəsi problem yaşadınızsa, qətiyyən döyüşə çıxmaq olmaz.

- Bəs, karyeranızı nə zaman başa vurmağı düşünürsünüz?

- Əvvəlcə gələcəkdə uğuru necə qazanmağı fikirləşməliyik. Bunun üçün dillə deyib, qəlblə təsdiqləyib, əməllə göstərmək lazımdır. Mən sizi əmin edirəm ki, böyük uğurlar irəlidədir. Hamınızı sevindirəcəyəm. Çalışacağam ki, Azərbaycana, millətimə layiq övlad olum. Karyeramı nə zaman bitirəcəyimə gəldikdə, özümü idmansız təsəvvür etmirəm. Hazırda 34 yaşım olsa da, bu, mənə maneçilik törətmir. Mənə karyeramda 7 il məcburi fasilə verməyim mane olur. Hesab edirəm ki, bu boşluğu 2015-ci ildə aradan qaldıracağam. Rinqə cəmi 2 ildir qayıtmışam. Bu müddətdə yalnız rinqlərdə, yarışlarda olmuşam. Karyeramı bitirəcəyimə dair konkret yaş həddim yoxdur. Qarşıda şəxsi həyatım var. İnsan şəxsi həyatını sənətinə, işinə qurban verməməlidir. Sadəcə, hər dəfə deyirəm ki, filan nəticəni əldə edim, sonra karyeramı bitirim. Şəxsi işlərimi gələn ilin yanvarınadək təxirə salmışam. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməsəm, peşəkar boksçular arasında həqiqi dünya çempionluğu uğrunda mübarizə aparacağam. Olimpiadaya lisenziya qazansam, hədəfim finala vəsiqə olacaq.  

Son xəbərlər

Orphus sistemi