​Fariz Məmmədov Almaniyada Heydər Əliyevin 92 illiyinə həsr olunan boks gecəsində döyüşəcək

​Fariz Məmmədov Almaniyada Heydər Əliyevin 92 illiyinə həsr olunan boks gecəsində döyüşəcək O, belarus idmançısı Andrea Abramenko ilə üz-üzə gələcək
Fərdi
23 Aprel , 2015 14:42
​Fariz Məmmədov Almaniyada Heydər Əliyevin 92 illiyinə həsr olunan boks gecəsində döyüşəcək

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov Avropa Azərbaycan Cəmiyyəti, Azərbaycanın Almaniyadakı səfirliyi və diaspor təşkilatının dəstəyi ilə keçiriləcək Heydər Əliyevin anadan olmasının 92 iliyinə həsr olunan boks gecəsində iştirak edəcək. "Report"un məlumatına görə, bu barədə əlcək ustası özü bildirib.

Bu gün baş tutan açıq məşqdən sonra jurnalistlərin suallarını cavablandıran F.Məmmədov gecəyə səfirlik və diaspor tərəfindən dəvət aldığını deyib. O, bu döyüşdə heç bir maddi marağının olmadığını söyləyib: "Gecə Ulu Öndərin xatirəsinə həsr olunduğundan dərhal döyüşə razılıq verdim. Böyük bir boks gecəsi olacaq. 10-a yaxın döyüş baş tutacaq. Mən də rinqə çıxacağam. 10 raundluq reytinq xarakterli döyüş keçiriləcək".

Avropa çempionu olduğu üçün özündən aşağı reytinqli idmançılarla döyüşə bilmədiyni deyən boksçu buna ixtiyarının olmadığını qeyd edib. Onun sözlərinə görə, özündən aşağı liqa döyüşçüsü ilə vuruşan boksçunun xalları silinir. Məmmədov rəqibi haqda məlumatlı olduğunu deyib: "İdmançı gərək daim özündən güclülərlə vuruşsun. Rəqibim belarus idmançısı olsa da, əsasən Avropada döyüşür. O, Andrea Abramenkodur. Peşəkar rinqdə 29 döyüş keçirib. Bunlardan 20-də qələbə qazanıb, 7 dəfə uduzub, 2 dəfə isə heç-heçə edib. O, Aleksandr Abramenkonun qardaşıdır. Aleksandrı Xarkovda 2013-cü ildə nokaut etmişəm. İndi isə rəqibim onun kiçik qardaşıdır. Möhtəşəm döyüş olacaq. Birincisi, həyəcanlıyam. Öz vətənimdə bəxtim gətirmirdi. İnanıram ki, gələcəkdə gətirəcək. Ona görə həyəcanlıyam ki, boks gecəsi Ulu Öndərin xatirəsinə həsr olunub. Rəqibim güclüdü, necə deyərlər “hədiyyə” deyil. Onun güclü olmağı məni sevindirir. Çalışacağam ki, şərəfini qoruduğum dövlətimi, klubumu layiqincə təmsil edim".

Döyüş hazırlığından danışan azərbaycanlı 12 həftədir məşq etdiyini deyib: "Baş məşqçi kubalı Pedro Rokidi. Eləcə də “Qəbələ” İdman Klubunun baş məqçisi Ximesen Lazaro ilə hazırlıq keçdim. 12-ci həftədir hazırlıq məşqləri gedir. Onlar artıq yekunlaşmaq üzrədir. Dünən axırıncı sparrinq döyüşünü keçirdim. Sabah son məşqdi. Bununla da hazırlıqları bitirirəm. Daha sonra bərpa prosesləri gedəcək. Gələn həftənin ilk günləri isə yola düşəcəyik. Taktikamızı elə qurmuşuq ki, döyüş 10 raunda qədər çəkək. Mən özüm də istəyirəm ki, döyüşüm uzun olsun. Düzdür, məqam yetişəndə əldən buraxmaq olmaz. Amma son döyüşlərim qısa çəkir. Ona görə də bu dəfə rinqdə daha çox vaxt keçirmək istəyirəm. Vətəndə keçirdiyim son döyüşlərdə bir qədər bəxtim gətirmir. Düzdür, qalibləri mühakimə etmirlər. Ona görə də zədələri bəhanə etmirəm. Sözün açığı, Abramenkonun bu dəfə kiçik qardaşı ilə döyüşmək istəməzdim. Amma rəqibi mən seçmirəm. Bizim işimiz rinqə çıxıb, vuruşmaqdı".

F.Məmmədov Almaniyada keçiriləcək boks gecəsindən döndükdən sonrakı proqramından da söz açıb. O bildirib ki, vətənə döndükdən sonra Dünya çempionluğu adı uğrunda yarışda iştirak etmək üçün Avropa çempionu titulundan imtina etməlidir: "Çox yorulmuşam. Bu döyüş üçün 12 həftə hazılaşdıq. 12 həftə az müddət deyil. Bu yarışdan sonra Avropa çempionu titulundan imtina etməliyəm ki, dünya çempionluğu uğrunda mübarizə apara bilim. Ya dünya çempionluğu uğrunda döyüşmək üçün Amerikaya gedəcəyik, ya da rəqibi Qəbələyə dəvət edəcəyik. Çox istərdim ki, o cür mühüm döyüşü vətənimdə keçirim. Bu bir tarix olar. Xatırlayırsınızsa, qitələrarası çempion adını 2004-cü ildə vətəndə qazanmışdım. İndi də dünya çempionu tituluna vətənimdə sahib çıxmaq istəyirəm".

Son xəbərlər

Orphus sistemi