Yuxarı
    Bağlamaq

    ​Faciəvi şəkildə həlak olan alpinist Murad Aşurlının kitabı dərc olunub

    Təqdimat ABŞ-ın Dallas şəhərində baş tutub

    Bakı. 31 mart. REPORT.AZ/ ABŞ-da ötən il faciəvi şəkildə həlak olan azərbaycanlı alpinist Murad Aşurlının “Öz Everestini tapmaq” kitabının təqdimatı keçirilib.

    Azərbaycan Alpinizm Federasiyasından (AAF) "Report"a verilən məlumata gprə, təqdimat mərasimi "Ericsson" şirkətinin Dallas şəhərindəki ofisində keçirilib.

    Murad həmin şirkətdə rəhbər vəzifələrdən birini tuturdu.

    Tədbir iştirakçılarından biri də Muradın qardaşı, AAF-nın prezidenti İsrafil Aşurlı idi.

    “Murad mənə kitab yazmaq fikrində olduğunu bildirəndə, mən bunu ciddi qəbul etmədim, - deyə, İsrafil Aşurlı öz Facebook səhifəsində bildirib. - Murad indiyə kimi nə hekayə, nə oçerk yazmayıb, burada isə söhbət bütöv bir kitabdan gedirdi. Lakin, çoxsaylı ezamiyyətlər, layihələr və başqa işlərinə baxmayaraq, Murad bir ildən də az müddətə istədiyinə nail ola bildi. Son ekspedisiyasına yola düşməzdən əvvəl, o, əlyazmasına nöqtə qoydu. Katmanduda olduğu zaman kitab üçün bəzi şəkilləri mənimlə telefonla müzakirə edib razılaşdırırdı. Lakin bu hələ bir surət idi, gələcək kitabın qaralaması idi... Bu gün mən onu, nəhayət ki, əlimdə tuturam”.

    İsrafil Aşurlının qeyd etdiyinə görə, kitabın işıq üzü görməsinə birbaşa səbəbkar Muradın dostları, həmkarları və "Ericsson" şirkətinin rəhbərliyidir. Onlar Muradın son arzusunu yerinə yetirmək istəyiblər və buna nail olublar. Kitabın tirajı məhduddur – iki min nüsxə. İngilis dilində dərc edilmiş bu əsəri İnternetdə sifariş vermək olar.

    Xatırladaq ki, Murad Aşurlı dünyanın ən yüksək nöqtəsi olan Everestə (8848 m) qalxan ikinci azərbaycanlı idi. O, 2013-cü ildə bu zirvəni fəth etmişdir.

    2014-cü il oktyabrın 21-də Murad Himalay dağlarının Ama-Dablam (6814 m) zirvəsindən enən zaman faciəvi şəkildə həlak olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi