Gənclər və İdman Nazirliyində etiraz edən cüdoçularla görüş keçirilib

Gənclər və İdman Nazirliyində etiraz edən cüdoçularla görüş keçirilib Hacıağa Hacıəhmədov: "Bəzi idmançılar düzgün istiqamətləndirilməyiblər"
Fərdi
2 Mart , 2015 17:48
Gənclər və İdman Nazirliyində etiraz edən cüdoçularla görüş keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyində fevralın 28-də etiraz aksiyası keçirmiş cüdoçularla görüş təşkil olunub. 

"Report"un məlumatına görə, qapalı görüşə Azərbaycan Cüdo Federasiyası rəhbərliyindən vitse-prezidentlər Matvey Yegizarov və Elnur Məmmədli, eləcə də baş katib Elnur Camalxanov qatılıb. 

İdmançılar və federasiya rəsmilərinin fikirlərini nazir müavini İsmayıl İsmayılov dinləyib. İki saatadək davam edən müzakirələrin ardından nazirliyi hamıdan öncə E.Məmmədli tərk edib. Lakin Olimpiya çempionu görüşlə bağlı açıqlama verməkdən imtina edib. 

İ.İsmayılov isə "Report"a qısa açıqlamasında cüdoçularla bağlı ciddi problemin olmadığını söyləyib: "Təlim-məşq toplanışları, yarışlar vaxtlı-vaxtında təşkil olunur. Yeganə problem gündəlik xərclə bağlı idi ki, onu da yoluna qoyacağıq". 

Görüşdə iştirak etmiş cüdoçulardan da heç biri danışmaq istəməyib. Əvəzində milli komandanın baş məşqçisi Hacıağa Hacıəhmədov "Report"a daha geniş açıqlama verib. O bildirib ki, görüşdə bütün mövzular müzakirə olunub və bəzi problemlərin çözülməsinə qərar verilib: "Problemlər var idi, bunu az-çox demək lazımdır. İdmançılar, nazirlik və federasiya rəhbərliyi ilə bərabər bu problemlərin həlli istiqamətində müzakirələr apardıq. Problemlər dinlənildi. Onların aradan qaldırılmasına söz verildi. 3 aydır maaş almadığımız barədə xəbərlər yalandır. Bəzi idmançılar var ki, onlar da düzgün istiqamətləndirilməyiblər. Normalda 5-10 gün gec olsa da, maaşlarını alırlar. Maaş məsələsinə bir daha baxılacaq".

H.Hacıəhmədov sutkalıq xərclə bağlı məsələyə də aydınlıq gətirib: "Əvvəlki baş məşqçi Peter Zayzenbaxerin vaxtından "sutoçnı" tətbiq olunurdu. Cüdoçuların təlim-məşq toplanışları və yarışlar zamanı qalmaları, yeməkləri üçün pul ödənilirdi. Bu da gündəlik əlavə 20 avro edirdi. Buna da toxunduq. Məncə, o da həll olunacaq". 

Baş məşqçi bildirib ki, məsələni bu qədər şişirtmək lazım deyil: "Əsas odur ki, 3 aydan sonra I Avropa Oyunları başlayır. Biz də ora hazırlaşmalıyıq. Hər yerdə, hər federasiyada problemlər var. Sadəcə, bu qədər şişirtmək lazım deyil".  

Qeyd edək ki, Azərbaycanın bir qrup cüdoçusu fevralın 28-də milli komandaların təlim-məşq bazası ("Neftçi"nin köhnə bazası) önündə etiraz aksiyası keçirib. Aralarında dünya çempionu Elxan Məmmədovla gənclər arasında Avropa çempionu Elmar Qasımovun da olduğu aksiyaçılar əmək haqlarının vaxtlı-vaxtında verilməməsindən, eləcə də təlim-məşq toplanışları və yarışların müntəzəm təşkil olunmamasından narazılıqlarını bildiriblər.  

Son xəbərlər

Orphus sistemi