İdmançılar verilən tapşırıqları düzgün yerinə yetirdikləri üçün belə nəticə əldə etdik.
Bunu "Report"a açıqlamasında yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin məşqçisi Emin İskəndərov deyib.
Mütəxəssis Yunanistanın Saloniki şəhərində keçirilmiş Avropa Kubokunda uğurlu çıxış barədə danışıb:
"Yarış gözlədiyimizdən də səviyyəli alındı. Bizimlə rəqabətdə olan Gürcüstan, Fransa və Qazaxıstandan iddialı idmançılar gəlmişdilər. Bu da bizdə əlavə stimul yaratdı. Cüdoçularımız böyük təcrübə əldə etdilər. Çünki dünya reytinqində olan həmkarları ilə qarşılaşdılar".
E.İskəndərov cüdoçularda yaxşı əhval-ruhiyyənin olduğunu vurğulayıb:
"Yaxşı hazırlıq keçmişdik. Təlim-məşq toplanışlarına qatılmışdıq. İlin sonu da cüdoçularımız üçün uğurlu alındı. Onlar verilən tapşırıqları düzgün yerinə yetirdikləri üçün belə nəticə əldə etdik".
Məşqçi həmişə uğurlu nəticəyə kökləndiklərini vurğulayıb:
"Bu turnirdə qalib gəlmək ehtimalımız 20-30 faiz aşağı idi. Gürcüstan təmsilçilərinin bir neçəsi Avropa çempionu və dünya mükafatçısıdır. Amma rəqiblərimizi üstələyə bildik. Bundan əlavə, yarışa 2008-2009 təvəllüdlü idmançılarımızı aparmışdıq. Bu da bizə görə müsbət məqamdır. Amma onlar 2007 təvəllüdlü cüdoçularla gəlmişdilər. Bu ilin yekununa kimi həmin ildən olanlar yarışa qatıla bilərlər".
Qeyd edək ki, Avropa Kubokunda 2 qızıl, 1 gümüş və 5 bürünc mükafat əldə edən oğlanlardan ibarət kollektiv komanda hesabında birinci olub.