Yuxarı

Elxan Məmmədov: "Zayzenbaher həm dost, həm də tələbkardır"

Azərbaycanın cüdo üzrə yeganə dünya çempionu avstriyalı mütəxəssisin baş məşqçi postuna qaytarılmasını şərh edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Peter Zayzenbaherin baş məşqçi postuna qaytarılması həqiqətən də böyük qələbədir". Bunu "Report"a açıqlamasında Azərbaycanın cüdo üzrə yeganə dünya çempionu Elxan Məmmədov deyib.

33 yaşlı idmançı bildirib ki, avstriyalı mütəxəssis zamanında böyük cüdoçu olub. Onun fikrincə, P.Zayzenbaher baş məşqçi kimi də dünyanın ən güclülərindəndir: "Zayzenbaher həm dost, həm də tələbkardır. Mən Azərbaycan cüdosu tarixində yeganə dünya çempionluğunu onun rəhbərliyi altında qazanmışam. Belə gözəl mütəxəssisi yığmamızın baş məşqçi postuna qaytardığı üçün Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Peter Zayzenbaher 1984-cü il Los-Anceles və 1988-ci il Seul Yay Olimpiya Oyunlarında Avstriya millisinin heyətində 86 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həm də 1985-ci ildə eyni çəkidə dünya, 1986-cı ildə isə Avropa çempionu olub. Baş məşqçi qismində isə P.Zayzenbaher 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Gürcüstan millisinin cüdoçusu Laşa Şavdatulaşviliyə 20 yaşında ikən qızıl medal qazandırıb. 2012-ci ilin oktyabrında Azərbaycan millisinə baş məşqçi təyin olunduqdan sonra onun ilyarımlıq fəaliyyəti dövründə Elxan Məmmədov 2013-cü ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş dünya çempionatında 100 kq çəkidə qızıl medala sahib olub. Həmin çempionatda həm də Orxan Səfərov 60 kq çəkidə bürünc medala yiyələnib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi