"Final görüşü çox dramatik keçdi. Gərgin mübarizənin sonunda qalib gəldim. Çox sevincliyəm. Azərbaycana daha bir qızıl medal bəxş etdim. Allaha şükürlər olsun".
Bu fikirləri "Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında I MDB Oyunlarının qalibi olan Azərbaycan samboçusu Elvin Bağırov deyib.
64 kq çəki dərəcəsində mübarizə aparan idmançı final görüşündə həyəcanlı olduğunu bildirib: "Belə mübarizədə həyacanın olması normaldır. Son saniyələrdə məşqçi deyirdi ki, vaxta az qalıb və hər şey yaxşı olacaq. Yaxşı da oldu. Bu rəqiblə əvvəllər qarşılaşmamışam. Onun çox güclü olduğunu bilirdim. Asiya Oyunlarının qalibidir. Qalib gəldiyim üçün çox sevincliyəm".
O, yarımfinalda məğlub etdiyi Ermənistan təmsilçisi Aram Ağacanyanın da güclü samboçu olduğunu sözlərinə əlavə edib: "Onu 2:1 hesabı ilə məğlub etdim. Bu idmançı ilə ilk dəfə üz-üzə gəlirdim. Daha əvvəl Avropa çempionatında da başqa ermənini məğlub etmişəm".