Yuxarı

​Eltac Səfərli: "Dostla qarşılaşmada qələbəyə oynamaq çətindir"

Azərbaycan millisinin potensialı yüksəkdir

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess-2016" superturnirinin III turunda bir partiya başa çatıb.

"Report"un məlumatına görə, Rauf Məmmədovla görüşən Eltac Səfərli partiya haqda fikirlərini bildirib.

Görüş heç-heçə başa çatıb. Ölkə çempionu E.Səfərli rəqibi R.Məmmədovla əvvəllər çox oynadığını deyib: "O, məni, mən də onu yaxşı tanıyıram. Debütdə istədim Raufu təəccübləndirim, amma alınmadı. Düzgün gedişlərlə müdafiədə səhv etmədi. Heç-heçə oyuna uyğun nəticədir. Digər tərəfdən etiraf edirəm ki, doğma meydanda həmyerlilərimizə qarşı çıxış etmək asan deyil, bir qədər fərqli hisslər yaranır. Uzun müddətdir eyni komandada çıxış edirik. Azərbaycan millisində birgə oynayırıq, eyni zamanda uşaq vaxtlarımızdan bir məşq edirik. Dostla qarşılaşmada qələbəyə oynamaq çətindir".

E.Səfərli sentyabrda Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasından da danışıb. Onun sözlərinə görə, Azərbaycan millisi mötəbər yarışa ciddi hazırlaşacaq: "Olimpiada Bakıda keçirildiyindən ciddi hazırlıq planı tərtib olunub. "ShamkirChess-2016"dan sonra bütün diqqətimiz hazırlığa yönələcək. Bakıya planetin ən güclü komandaları gələcəklər. Azərbaycan millisinin potensialı yüksəkdir. İki dəfə Avropa çempionu olmuşuq. Yalnız şahmat olimpiadasında mükafatımız yoxdur. Proqnoz vermək istəməzdim, sadəcə, onu deyim ki, hər bir şahmatçımız məsuliyyəti başa düşür".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi