Bakı. 23 sentyabr. REPORT.AZ/ Serbiyanın Priştina şəhərində 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi start götürüb.
"Report"un məlumatına görə, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulub.
İştirakçılar arasında Azərbaycan yığmasının da üzvləri var. Onlardan biri - Elşən Məmmədov artıq körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlərin 50 kq çəki dərəcəsində yarışıb.
Lənkəranlı atlet birdən qaldırma hərəkətində 75 kq-ı ram edib və bu hərəkətdə bürünc medal qazanıb.
E.Məmmədov təkanla qaldırma hərəkətində 95 kq-ı başı üzərinə qaldıra bilib. O, bu hərəkətdə 4-cü yeri tutub.
Cəmi 13 yaşı olan və bu Avropa birinciliyinin ən gənc atleti olan Məmmədov toplam 170 kq (75+95) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.
