Elçin Cəfərov: "Nəticə nə yuxarıdır, nə də aşağı"

Elçin Cəfərov: "Nəticə nə yuxarıdır, nə də aşağı" "Rafiq Hüseynovun olimpiadada bürünc medal qazanması münasibətilə idmançının özünü, Gənclər və İdman Nazirliyini, Milli Olimpiya Komitəsini və güləş federasiyasını təbrik edirəm. Biz həm ondan, həm də İslam Abbasovdan yüksək nəticə gözləyirdik. Olimpiadad
Fərdi
4 Avqust , 2021 19:13
Elçin Cəfərov: Nəticə nə yuxarıdır, nə də aşağı
Elçin Cəfərov

"Rafiq Hüseynovun olimpiadada bürünc medal qazanması münasibətilə idmançının özünü, Gənclər və İdman Nazirliyini, Milli Olimpiya Komitəsini və federasiyamızı təbrik edirəm. Biz həm ondan, həm də İslam Abbasovdan yüksək nəticə gözləyirdik. Olimpiadada hər idmançının özünə görə dəyəri, qiyməti var".

"Report"un məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov Rafiq Hüseynovun (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal əldə etməsi barədə danışarkən deyib.

O bildirib ki, medalın erməni idmançı ilə qarşılaşmada qazanılması ikiqat sevindiricidir: "Fikrimcə, o, bizim güləş ənənələrimizi Tokioda da davam etdirdi. Hesab edirəm ki, iki iştirakçıdan birinin mükafat qazanması yaxşı nəticədir. Bəli, hər ikisindən gözləntilərimiz böyük idi. Onların ən azı finalda mübarizə aparmalarını istəyirdik. Amma arzu ilə reallıq tamam başqa şeylərdir. Ona görə də bu uğura hamımız sevinirik. İstərdik ki, digər güləşçilərimiz ölkəmizə daha yüksək nəticələrlə qayıtsınlar".

İslam Abbasovun (87 kq) da çıxışını dəyərləndirən Cəfərovun sözlərinə görə, 25 yaşlı idmançı olimpiada kimi mötəbər yarışda ilk dəfə iştirak etsə də, debütdəcə medal qazanan idmançılar da çox olub: "Hər insanın öz şansı var. İslamın rəqibi Daniel Qreqoriç ondan üstün deyildi. Təəssüf ki, güləşçimiz kubalı idmançı ilə görüşdə üzərinə düşən məsuliyyəti dərk etmədi. Bunu dərindən hiss etsəydi, rəqibinə qalib gələ bilərdi. Çünki Qreqoriç bu çəkidə favorit deyildi. Bu gün nəyi isə analiz etməyin heç bir mənası yoxdur. Yarış dünən qurtarıb. Bəlkə də bu məğlubiyyətdən sonra özünə gələ bilməyib. Bunların hamısı araşdırılacaq və gələn yarışlar üçün hər şey öz yerini tutacaq".

Vitse-prezident Abbasovun perspektivli güləşçilərdən olduğunu vurğulayıb: "İnanıram ki, İslam öz məğlubiyyətindən nəticə çıxaracaq və gələn yarışlarda hər şeyi nəzərə alacaq. Amma bu, idmandır. Biri qalib gəlir, sevinir, digəri məğlub olur, kədərlənir. Hər şeyi olduğu kimi qəbul etmək lazımdır. Çox istərdik ki, Abbasov ilk olimpiadasında mükafatçı olsun. Təbii ki, rəhbərlik kimi onun çıxışından razı qala bilmərik".

Cəfərov məşqçilər heyətinin Bakıya qayıtdıqdan sonra hər bir idmançı ilə bağlı hesabat verəcəyini söyləyib: "Bundan sonra öz fikirlərimizi açıqlayarıq. Məşqçilər korpusunu istənilən halda dəyişmək, yeniləmək olar. Olimpiadadan sonra rəhbərliyin onlarla toplantısı olacaq. Orada müvafiq qərarlar veriləcək. İndidən heç nə deyə bilmərəm. Çünki nəticə nə yuxarıdır, nə də aşağı. Bütün məsələlər araşdırıldıqdan sonra veriləcək qərarlar ictimaiyyətə açıqlanacaq".

Son xəbərlər

Orphus sistemi