ShamkirChess 2019: Dünya şahmat ulduzları yenidən Şəmkirə toplaşır - VİDEO

ShamkirChess 2019: Dünya şahmat ulduzları yenidən Şəmkirə toplaşır - VİDEO Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi ShamkirChess 2019 beynəlxalq superturnirinin bütün iştirakçıları açıqlanıb.
Fərdi
27 Mart , 2019 12:33
ShamkirChess 2019: Dünya şahmat ulduzları yenidən Şəmkirə toplaşır - VİDEO

Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi ShamkirChess 2019 beynəlxalq superturnirinin bütün iştirakçıları açıqlanıb. 

"Report"un məlumatına görə, yarışda FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq. Superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, ShamkirChess turnirinin üçqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2845), Çin şahmatçısı Dinq Liren (Çin, 2812, FİDE reytinqində 3-cü yer), Hollandiya şahmatının lideri Aniş Giri (2797, FİDE reytinqində 4-cü yer), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2779), Rusiya şahmatçısı Aleksandr Qrişuk (Rusiya, 2771), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2753), FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2740), çexiyalı David Navara (2739) iştirak edəcək.

Azərbaycanı Vüqar Həşimov Memorialında ShamkirChess superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində beşinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2790), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2756) təmsil edəcək.

XXII kateqoriyalı superturnirin reytinq favoriti Norveç təmsilçisi Maqnus Karlsen olacaq. Hazırkı dünya çempionu Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2845 xalla 1-ci pillədə qərarlaşıb.

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2019 turnirinin təntənəli açılış mərasimi martın 30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 9-da yekun vurulacaq.
Qeyd edək ki, 2014, 2015 və 2018-ci illərdə yarışın qalibi dünya çempionu Maqnus Karlsen (Norveç) olub. 2016 və 2017-ci illərdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub. 

Qeyd edək ki, XXII kateqoriyalı Vüqar Həşimov Memorialı ShamkirChess SOCAR, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Synergy Group-un tərəfdaşlığı ilə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi