Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda Azərbaycanın daha 2 sərbəst güləşçisi bürünc medal görüşünə vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Gitinoməhəmməd Hacıyev (70 kq) və Camaləddin Məhəmmədov (125 kq) təsəlliverici görüşlərdən qalib ayrılmağı bacarıb. Hacıyev rumıniyalı George Bukura 8:0, Məhəmmədov argentinalı Katriel Murielə 10:0 hesabı ilə qalib gəlib. Onlar bürünc medal qarşılaşmasında qırğızıstanlı İslambek Orozbekovla Ayaal Lazarevi sınağa çəkəcəklər.
Ötən gün isə Hacımurad Məhəmmədsəidovun (92 kq) da bürünc medal görüşündə mübarizə aparacağı müəyyənləşib. O, türkiyəli Erhan Yaylacı ilə üz-üzə gələcək.
Hər 3 görüş bu gün olacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb. Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.