Dünya çempionu Radik İsayev: "Qələbəni Azərbaycan xalqına və valideynlərimə həsr edirəm"

Dünya çempionu Radik İsayev: "Qələbəni Azərbaycan xalqına və valideynlərimə həsr edirəm" 14 ildən sonra gələn çempionluğa Niyaməddin Paşayev də biganə qalmayıb
Fərdi
18 May , 2015 09:35
Dünya çempionu Radik İsayev: Qələbəni Azərbaycan xalqına və valideynlərimə həsr edirəm

Bakı. 18 may. REPORT.AZ/ Rusiyanın Çelyabinsk şəhərindəki dünya çempionatında qızıl medal qazanmış Azərbaycan taekvondoçusu Radik İsayev təəssüratlarını bölüşüb. 26 yaşlı idmançı "Report"a açıqlamasında çəkdiyi əziyyətin yerdə qalmamasına sevindiyini bildirib.

87 kq çəki dərəcəsində yer alan İsayev çempionluğu Azərbaycan xalqına və valideynlərinə həsr etdiyini söyləyib. O, qarşıdakı hədəflərini də açıqlayıb: "İlk növbədə, "Bakı 2015" I Avropa Oyunlarında qalib olmaq istəyirəm. Daha sonra 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşacağam".

Daha öncə taekvondo növündə dünya çempionluğu 2001-ci ildə qazanılıb. Həmin vaxt 68 kq çəkidə Niyaməddin Paşayev Cənubi Koreyadan qızıl medalla qayıdıb. Hazırda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti vəzifəsində çalışan Paşayev də İsayevin qələbəsinə biganə qalmayıb: "Mənim 2001-ci ildə əldə etdiyim dünya çempionluğundan sonra yaranan 14 illik həsrətə son qoyuldu. Radik İsayev bütün rəqiblərinə qalib gələrək, dünya çempionu oldu. Bütün taekvondo ailəmizə gözaydınlığı verir və təbrik edirəm".

Qeyd edək ki, Radik İsayev 26 sentyabr 1989-cu ildə Rusiyanın Dağıstan Respublikasında anadan olub. İsayev 2013-cü il dünya çempionatında bürünc, 2014-cü il Avropa çempionatında qızıl medal qazanıb. Builki Avropa çempionatında isə 26 yaşlı idmançı gümüş medala sahib olub.

Son xəbərlər

Orphus sistemi