Dünya çempionatı: Azərbaycanın daha 3 cüdoçusu medal qazana bilər
- 25 avqust, 2022
- 12:22
Azərbaycanın daha üç cüdoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında medal qazana bilər.
"Report"un məlumatına görə, bunlar Nizami İmranov, Nicat Nağıyev və Aydan Vəliyevadır.
60 kq çəki dərəcəsində çıxış edən İmranov ardıcıl olaraq Matiya Yeremiç (Serbiya), Retsu Matsunaqa (Yaponiya) və Kristian Qenova (Bolqarıstan) qalib gələrək yarımfinala adlayıb. Lakin o, finala gedən yolda Davit Kareliyə (Gürcüstan) uduzduğundan, bürünc medal uğrunda görüşdə Dayyan Bulemtafeslə (Fransa) qarşılaşacaq.
66 kq-dakı Nağıyev Ernane Neves (Braziliya) və Nurlubəy Arqenbəydən (Qazaxıstan) güclü olub. Əbil Yusubov isə Məhəmməd Mbup (Seneqal) və Abdullah Turqutlunu (Türkiyə) məğlubiyyətə uğradıb. Nağıyev 1/4 finalda Yusubova qalib gəlsə də, yarımfinalda Şahcahan Atabəyevin (Özbəkistan) müqavimətini qıra bilməyib. O, bürünc medal uğrunda Federiko Bozislə (İtaliya) görüşəcək. Yusubov isə təsəlliverici görüşdə Dimitrios Yannopulosa (Yunanıstan) yenilib.
Qadınların yarışında 48 kq-dakı Vəliyeva Zarina Camalova (Özbəkistan) və Aitana Ernandesi (İspaniya) mübarizədən kənarlaşdırsa da, İlaria Finestroneyə (İtaliya) uduzub. Təsəlliverici görüşdə Alussia Pulanjı (Fransa) üstələyən cüdoçu bürünc medal uğrunda Luka Veqlə (Macarıstan) üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl 55 kq-da yer alan Şahin Oruczadə gümüş medala sahib çıxıb.