Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionunadək marafon keçiriləcək

Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionunadək marafon keçiriləcək AFFA marafonun rəsmi tərəfdaşı olub
Fərdi
13 Aprel , 2016 12:42
Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionunadək marafon keçiriləcək

Bakı. 13 aprel. REPORT.AZ/ Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2016" keçiriləcək. "Report"un məlumatına görə, tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq.

Marafona 16 yaşdan yuxarı hər kəs – şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. "Bakı Marafonu 2016"da iştirak etmək istəyənlər qeydiyyat üçün aprelin 11-dən 25-dək Bakının ticarət mərkəzlərində quraşdırılmış qeydiyyat məntəqələrinə və ya onlayn olaraq "Bakı Marafonu 2016"nın saytına (www.bakumarathon.az) müraciət edə bilərlər. Bu zaman qeydiyyat formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, həmçinin tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunan vəsaiti ödəmək lazımdır.

Marafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı ödəmə etməyəcək. Bunun üçün qeydiyyatdan keçərkən tələbə vəsiqələrinin surətini təqdim etmək lazımdır. Fiziki şəxslər 20 manat, korporativ şirkət adından iştirak edənlər isə 100 manat ödəməlidir.

Qeyd edək ki, analoji marafonlar bu günədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Marafon yarışı tam məsafədə 42 km və yarı marafon 21 km məsafədə keçirilir. İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm də xeyriyyə məqsədilə təşkil edilir. 1981-ci ildəki məşhur London marafonu ən böyük xeyriyyə marafonu kimi Ginnesin "Rekordlar kitabı"na düşüb. Hazırda dünyanın bir çox ölkələrində yalnız xeyriyyə məqsədli marafonlar da təşkil edilir.

Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Azərbaycan Futbol Federasiyaları Assosoiasiyası "Bakı Marafonu 2016"nı dəstəkləyir və rəsmi tərəfdaş olduğunu bəyan edir. AFFA-nın əməkdaşları və futbol ictimaiyyətinin tanınmış nümayəndələri marafonda 17 yaşadək futbolçular arasında Avropa çempionatı kontekstində iştirak edəcəklər.

İlk 3 yerin sahiblərinə müvafiq olaraq, 3000 manat, 2000 manat və 1000 manat mükafat veriləcək.

Son xəbərlər

Orphus sistemi