DİN-in xüsusi təyinatlı Əlahiddə Çevik Polis Alayının inzibati ərazisində cüdo zalının açılışı olub

DİN-in xüsusi təyinatlı Əlahiddə Çevik Polis Alayının inzibati ərazisində cüdo zalının açılışı olub Tədbirdə nazir Ramil Usubov və Azərbaycan Cüdo Federasiyasının rəhbəri Rövnəq Abdullayev iştirak edib
Fərdi
3695
19 Oktyabr , 2017 16:17
DİN-in xüsusi təyinatlı Əlahiddə Çevik Polis Alayının inzibati ərazisində cüdo zalının açılışı olub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı Əlahiddə Çevik Polis Alayının inzibati ərazisində cüdo zalının açılışı olub.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Cüdo Federasiyasının rəhbəri Rövnəq Abdullayev iştirak edib.

Onlar rəmzi açılışı bildirən lenti kəsiblər və yeni məkanda əməkdaşların bu idman növü ilə məşğul olmaları üçün yaradılan şəraitlə tanış olub, görülən işləri yüksək qiymətləndiriblər.

Daha sonra daxili işlər naziri şəxsi heyət qarşısında çıxış edərək yeni cüdo zalının açılışı münasibətilə onları təbrik edib. O, əlamətdar hadisənin təməlində ölkədə idmanın, Olimpiya hərəkatının inkişafına möhtərəm dövlət başçı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin verdiyi böyük dəstəyin, onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin dayandığını vurğulayıb, məhz bunun nəticəsində son illər ərzində paytaxt da daxil olmaqla respublikanın digər şəhər və rayonlarında 40-dan çox yüksək səviyyəli idman obyektlərinin, Olimpiya idman mərkəzlərinin tikilib istifadəyə verildiyini məmnunluqla diqqətə çatdırıb.

Nazir xüsusilə qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın yüksək diqqət və təşkilatçılığı sayəsində Avropa və İslam Həmrəyliyi Oyunları, Formula-1 Bakı Qran-Pri yarışları, Dünya Şahmat Olimpiadası kimi mötəbər beynəlxalq yarışların respublikamızda keçirilməsi ölkəmizin potensialının, multikulturalizmə, sivilizasiyalararası dialoqa verdiyi mühüm töhfələrin əyani göstəricisidir.

Qeyd olunub ki, ölkədə idman sahəsində uğurların qazanılmasında daha bir önəmli faktor bədən tərbiyəsinin inkişafına, kütləviləşməsinə cavabdehlik daşıyan dövlət qurumlarının, xüsusən Milli Olimpiya Komitəsi başda olmaqla müxtəlif idman federasiyalarının, cəmiyyətlərinin və klublarının vahid komanda kimi fəaliyyət göstərməsidir.

Daxili işlər orqanlarının inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə, əməkdaşların xidməti şəraitinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirən general-polkovnik Ramil Usubov polis əməkdaşlarının yeni idman kompleksində öz ustalıqlarını artırmaqla ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə daha qətiyyətli və əzmkar olacaqlarına əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi