Dekabrın 20-22-si aralığında 18 yaşa qədər yeniyetmə qızlar və oğlanlar arasında cüdo üzrə Bakı birinciliyi keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq.
Turnirdə 16 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda Bakının 61 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 808 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Birinciliyin təşkilində əsas məqsəd yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq ölkə birinciliyinə seçim xarakteri daşıyır.