Böyük idmana qayıdan ​Mövlud Mirəliyev: "Avropa Oyunlarında medal qazanmaq istəyirəm" - MÜSAHİBƏ

Böyük idmana qayıdan ​Mövlud Mirəliyev: "Avropa Oyunlarında medal qazanmaq istəyirəm" - MÜSAHİBƏ "14 il sonra samboda yenidən uğur qazanmaq üçün özümdə güc hiss edirəm"
Fərdi
31 Mart , 2015 15:38
Böyük idmana qayıdan ​Mövlud Mirəliyev: Avropa Oyunlarında medal qazanmaq istəyirəm - MÜSAHİBƏ

Bakı. 31 mart. REPORT.AZ/ 7 ildən sonra böyük idmana qayıdan cüdo üzrə olimpiya və dünya mükafatçısı, sambo üzrə dünya və ikiqat Avropa çempionu, cüdo üzrə Dünya və Pekin-2008-in bürünc medal sahibi Mövlud Mirəliyevin "Report"a müsahibəsi

- Necə oldu ki, böyük idmana qayıtmaq qərarına gəldiniz?

- Avropa Oyunlarında sambo yarışlarına qatılmaq istəyirəm. Çünki bu növdə mənim nailiyyətlərim olub. Dünya və Avropa çempionatlarının qızıl medallarını qazanmışam. Avropa Oyunları tarixi bir yarışdır. İstəyirəm ki, iştirak edim və medal qazanım.

- Bu yaxınlarda Azərbaycan çempionatında iştirak etmiş və finalda məğlub olmuşdunuz. Bu, şanslarınızı azaltmır?

- Azərbaycan çempionatında hesabda irəlidə olduğum vaxt mənə heç nədən xəbərdarlıq verdilər. Nəticədə fəndlə yox, cərimə xalı ilə uduzdum. İlk yarışım olsa da, gümüş medal qazandım. Ötən həftə isə Moskvada Anatoli Xarlampiyevin xatirəsinə keçirilmiş Dünya Kubokunda bürünc medala sahib oldum. Hələ Oyunlaradək vaxt var. Ölkə çempionatının finalında məğlub olduğum Vasif Səfərbəyovla hələ sınaq görüşüm olacaq. Bu nəticəyə əsasən Avropa Oyunlarında iştirak edib-etməyəcəyim müəyyənləşəcək.

- Düşünmürsünüz ki, 41 yaşda yenidən böyük idmana qayıtmaqla bu növdə nailiyət qazanmaq istəyən gənclərin qarşısını kəsmiş olursunuz...

- Yuxarı çəkilərdə elə də güclü samboçu yoxdur. Məndən güclüsü olsa, deyərəm ki, o güləşsin. Sonuncu dəfə samboda 2001-ci ildə yarışmışam. 14 il sonra özümdə yenidən uğur qazanmaq üçün güc özümdə hiss edirəm.

- I Avropa Oyunlarından başqa daha hansı yarışda qüvvənizi sınamaq fikrindəsiniz?

- Yəqin ki, bir neçə yarışda iştirak edəcəyik. Əsas yarış mayın ortalarında Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatı olacaq.

- Bəs cüdodan niyə getdiniz?

- 2008-ci il Pekin Yay Olimipiya Oyunlarında bürünc medal qazandıqdan sonra cüdo qaydaları dəyişdirildi. Bu isə mənim və olimpiya çempionu Elnur Məmmədlinin çıxışlarına təsirsiz ötüşmədi. Təsadüfi deyil ki, Elnur da həmin olimpiadadan sonra elə də böyük nailiyyətlər qazana bilmədi. Nəticədə 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra karyerasını bitirdi. Mən isə daha erkən - demək olar ki, olimpiadadan sonra cüdo ilə vidalaşdım.

- Hazırda Şəmkir Olimpiya İdman Kompleksinin direktorusunuz. Bu sizin idmanla aktiv məşğul olmağınıza mane olmur?

- Mən təkcə kompleksin direktoru yox, həm də Şəmkir rayon polis şöbəsində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə baş inspektoruyam. Sağ olsunlar ki, idmanla məşğul olmaq üçün mənə imkan yaradırlar. 

Son xəbərlər

Orphus sistemi