"Böyük Dəbilqə" turnirində bir dəst medal qazanan Azərbaycan cüdoçuları ilə görüş keçirilib - FOTO

"Böyük Dəbilqə" turnirində bir dəst medal qazanan Azərbaycan cüdoçuları ilə görüş keçirilib - FOTO İsmayıl İsmayılov cüdoçulara gələcək yarışlarda da uğurlar arzulayıb
Fərdi
3 Noyabr , 2016 14:35
Böyük Dəbilqə turnirində bir dəst medal qazanan Azərbaycan cüdoçuları ilə görüş keçirilib - FOTO

Bakı. 3 noyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilmiş "Böyük Dəbilqə" turnirində bir dəst medal qazanan Azərbaycan cüdoçularının iştirakı ilə Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən nazir müavini İsmayıl İsmayılov 1 qızıl, 1 gümüş və 1 bürünc medalı yüksək nailiyyət hesab edib. İ.İsmayılov bu münasibətlə əməyi olan hər kəsi təbrik edib. Cüdonun Azərbaycanda populyar növ olduğunu bildirən nazirlik rəsmisi Avropa və dünya çempionatları, eləcə də Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlərin qazanıldığını xatırladıb. O, son olaraq, "Rio-2016"da cüdoçuların 2 gümüş medal əldə etdiklərini xatırladaraq, bunu ölkədə idmana, o cümlədən cüdoya göstərilən qayğının real nümunəsi adlandırıb.

Nazirlik rəsmisi hazırda cüdonun inkişafı, kütləviliyə nail olunması istiqamətində addımların atıldığını, bölgələrdə müxtəlif yaş qrupları üzrə yarışların keçirildiyini dilə gətirib. İ.İsmayılov cüdoçulara gələcək yarışlarda uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elman Babanlı tədbirin təşkilinə görə nazirliyə minnətdarlığını bildirib. O, "Böyük Dəbilqə"də 34 ölkədən 155 cüdoçunun mübarizə apardığını və bir dəst medalı yüksək nailiyyət saydıqlarını vurğulayıb: "Elxan Məmmədov cüdoya qayıdışını qızıl medalla qeyd etdi. Olimpiadanın gümüş medalçısı Rüstəm Orucov xal hesabında irəlidə olsa da, taktiki-texniki səhv ucbatından finalda uduzub. Gənc Tural Safquliyev isə bürünc medala layiq görülüb. Bu nəticə ilə ölkəmiz kişi cüdoçuların ümumi sıralamasında birinci yeri tutub".

Federasiya rəsmisi ilin sonunadək daha bir neçə tədbirə qatılacaqlarını, gələn ildən isə Hakimlərin Seminarı və "Böyük Dəbilqə"nin Bakıda təşkil olunacağını vurğulayıb. O, Beynəlxalq Cüdo Federasiyasının 2018-ci il dünya çempionatının Azərbaycan paytaxtında keçiriləcəyini xatırladıb.

"Bu, olimpiadadan sonra ilk yarışımız idi. Biz də məşqçilərimizin verdikləri tapşırıqları yerinə yetirdik". "Report"un məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilmiş "Böyük Dəbilqə" turnirində qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elxan Məmmədov deyib.

100 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı qazanılan nailiyyətdə məşqçilər heyəti ilə yanaşı, Azərbaycan Cüdo Federasiyasının böyük rolunun olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi