Böyük Dəbilqə: Mirəliyev Azərbaycan cüdoçularının çıxışlarını dəyərləndirib
- 04 iyun, 2022
- 10:58
"Yığma üzvlərimizin Tbilisidə Böyük Dəbilqədəki çıxışlarını orta qiymətləndirirəm. Burada əsas heyətimiz çıxış etmir. Yarışan idmançılarımız gənc olsalar da, təcrübəlidirlər".
Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında cüdo üzrə yığmamızın böyük məşqçisi Mövlud Mirəliyev deyib.
Onun sözlərinə görə, 60 kq çəki dərəcəsində Rövşən Əliyev səhvi ucbatından finala yüksələ bilməyib: "O, bürünc medal görüşündə digər cüdoçumuz Turan Bayramovla qarşılaşdı. Turan rəqibindən gəncdir və qalib gəldi".
Baş məşqçi Azərbaycanı təmsil edən cüdoçulardan yüksək nəticələr gözlədiyini qeyd edib: "Cüdo sürprizlərlə dolu idman növüdür. Hər şey ola bilər. Sabah 90 kq çəkidə Murad Fətiyev görüş keçirəcək. Onun yaxşı nəticə göstərəcəyinə ümid edirik".
Qeyd edək ki, bu gün Azərbaycan cüdoçularından Elcan Hacıyev və Zelim Tçkayev 81 kq çəki dərəcəsində yarımfinala yüksəliblər.