Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova ardıcıl ikinci dəfə Avropa çempionu olub.
"Report"un məlumatına görə, 17 yaşlı idman gimnastı Almaniyanın Münxen şəhərində keçirilən Avropa çempionatında döşəmə üzərində sərbəst hərəkətlərə görə hamıdan yaxşı nəticə göstərib.
O, 14.000 nəticə ilə qızıl medal qazanıb. Gümüş və bürünc medalları italiyalılar – Martina Maccio və Ancela Andreoli əldə edib. Cesikanın əkiz bacısı Cenifer Qədirova isə 13.466 nəticə ilə 5-ci olub.
Xatırladaq ki, əkiz bacılar bu Avropa çempionatında Böyük Britaniya millisinin heyətində komanda şəklində gümüş medallara da yiyələniblər.
Qeyd edək ki, Cesika Qədirova ötən il İsveçrənin Bazel şəhərində keçirilmiş Avropa çempionatında da döşəmə üzərində hərəkətlərdə qızıl medal qazanmışdı.