Boksçu Məhəmmədrəsul Məcidov: "İslamiadaya hazıram"

Boksçu Məhəmmədrəsul Məcidov: "İslamiadaya hazıram" "Uzun müddət ümumiyyətlə məşqlərdən kənar qalmışdım"
Fərdi
8 May , 2017 17:18
Boksçu Məhəmmədrəsul Məcidov: İslamiadaya hazıram

Bakı. 8 may. REPORT.AZ/ "Çox yaxşı məşqlər keçirik. Yeni ukraynalı baş məşqçimiz Leonid Loivskinin rəhbərliyi altında təlim-məşq toplanışımızı davam etdiririk. Öncə Bakıda, ardınca Qəbələdə hazırlıqda olduq. İndi yenidən Bakıda məşqlər keçirik. Çox güclü komandamız formalaşıb". 

"Report"un məlumatına görə, bunu ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı Azərbaycan Boks Federasiyasının rəsmi saytına müsahibəsində deyib. 

91 kq-dan yuxarı çəkidə yer alan 31 yaşlı idmançı İslamiadada komanda hesabında birinci yer uğrunda mübarizə aparacaqlarını bildirib. O, zədə ilə bağlı problemlərini yoluna qoyduğunu söyləyib: "Diz qapağımın altındakı zədəyə görə əməliyyat olunmuşdum. Bu üzdən bir müddət normal məşq də edə bilmirdim. "Rio-2016" olimpiadasından sonra heç bir yarışda iştirak etmədim. Uzun müddət ümumiyyətlə məşqlərdən kənar qalmışdım. Dizimdəki əməliyyat, həmçinin digər problemlər buna səbəb olmuşdu. Artıq bir neçə aydır ki, həmişəki qaydada məşq edib hazırlaşıram. Düşünürəm ki, hər şey qaydasında olacaq. Xeyli müddətdir heç bir yarışda iştirak etməsəm də, İslamiadaya hazıram. Elə vaxtlar olub ki, indikindən daha hazırlıqlı olmuşam".

M.Məcidov qarşıdakı Oyunlarda özünü yaxşı tərəfdən göstərməyə çalışacağını bildirib. Lakin o, heç bir yarışın asan olmadığını əlavə edib: "Mən də çalışacağam ki, uğurla çıxış edim. Artıq neçə vaxtdır məşqlərə başlamışam, sınaqçı rəqiblərlə gücümü də yoxlamışam. Özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. İstənilən halda, hədəfim birinci yerdir. Yarışın qalibi olmaq üçün mübarizə aparacağam".

İslamiadaya gələcək boks yığmalarının heyəti hələ tam dəqiqləşməyib. Bununla belə, azərbaycanlı boksçu bildirib ki, öz çəkisində Mərakeş, Türkiyə və Qazaxıstandan güclü idmançıların olmasından xəbərdardır: "Onların Bakıya gələcəkləri dəqiq deyil. Hətta hansı çəkidə neçə nəfərin mübarizə aparacağı da dəqiqləşməyib".

M.Məcidov Oyunlardan sonrakı planları barədə də danışıb: "İslamiadadan cəmi 3 həftə sonra Avropa çempionatı başlayacaq. Qitə birinciliyi dünya çempionatı üçün lisenziya xarakteri daşıyır. Avqustun sonunda Almaniyada start götürəcək mundiala vəsiqə qazanmaq üçün Avropa çempionatında mütləq iştirak etməliyəm". 

Son xəbərlər

Orphus sistemi