​Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti: "İdman növlərinin sayını qışda artırmaq mümkündür"

​Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti: "İdman növlərinin sayını qışda artırmaq mümkündür" "Azərbaycan Milli Paralimpiya Komitəsi hökumətlə sıx əlaqədə işləyir"
Fərdi
8 Fevral , 2016 16:30
​Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti: İdman növlərinin sayını qışda artırmaq mümkündür

Bakı. 8 fevral. REPORT.AZ/ "Azərbaycan Milli Paralimpiya Komitəsinin inkişafı sevindirici haldır. Bu, öz-özlüyündə həm medallar baxımından əhəmiyyətlidir, həm də idmançıların üzərindən əlillik adının götürülməsi, özlərini göstərməsi üçün gözəl fürsətdir. Bundan əlavə, uşaqlar da bu komitə vasitəsilə öz bacarıqlarını çox gözəl şəkildə nümayiş etdirə bilirlər". "Report"un məlumatına görə, bunu Bakıda Milli Paralimpiya Komitəsinin (MPK) 20 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) prezidenti Filip Kraven deyib.

Komitə rəhbəri Azərbaycanda paralimpiya hərakatının vəziyyətini çevik və çılğın qiymətləndirdiyini bildirib. O, Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 yaşında olmasına baxmayaraq, böyük ümidlər yaratdığını və eyni zamanda çox fəal olduğunu söyləyib: "Əslində medallar, Milli Paralimpiya Komitəsinin təşkil etdiyi oyunlar komitəmizin fəaliyyətinin bir hissəsidir. Eyni zamanda, heç də daha az əhəmiyyətə malik olmayan işimizin digər istiqaməti idman vasitəsilə daha inklüziv, bütün cəmiyyəti əhatə edən fəaliyyətə dəstək verməkdir. Azərbaycan Milli Paralimpiya Komitəsində bəyəndiyim əsas amil odur ki, komitə hər iki istiqamətə eyni gözlə baxır, eyni əhəmiyyət verir, bununla bərabər hökumətlə sıx əlaqədə işləyir. Sözsüz ki, bu komitənin inkişafı və hərəkatı üçün hökumətlə sıx əlaqədə işləmək çox vacibdir. Sırf bu səbəbdən gənclər və idman naziri Azad Rəhimovla görüşməkdən çox məmnunam. Eyni zamanda, sabah ölkə prezidenti ilə görüşmək şərəfinə nail olacam".

F.Kraven gələcəkdə Paralimpiya Oyunlarında idman növlərinin sayının artırılmasından danışıb. Qurum prezidenti bildirib ki, Yay Paralimpiya Oyunlarında idman növlərinin sayının artırılması bir qədər çətindir: "Əslində, bu məsələyə böyük maraq var. Lakin bu, Qış Paralimpiya Oyunlarında mümkündür. Əksər hallarda bu da baş verir. Eyni zamanda, biz müasir dövrlə ayaqlaşmalı və maddi tələbləri nəzərə almalıyıq. Ola bilər ki, növbəti illərdə yeni idman növləri daxil edilsin və bəziləri siyahıdan çıxarılsın. Lakin biz bu məsələyə tam açıq, əhatəli şəkildə yanaşmalıyıq. "Rio-2016"nın proqramına iki idman növü daxil edilib. Bunlar parakanoe və paratriatlondur. Növbəti 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında isə parabadminton və parataekvondonun daxil edilməsi nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi