Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz idman bölməsinin məsləhətçisi xanım Tiene Vertommen Azərbaycana səfərinin sonuncu günündə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova və MOK-un baş katibi Azər Əliyevlə görüşüb.
MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, BOK-un tələb və tövsiyələrinə uyğun olaraq “Təhlükəsiz idman” mövzusunda maarifləndirmə və təbliğat işləri ilə bağlı keçirilən tədbirdə MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq proqramlar idarəsinin rəhbəri Mehman Kərimov, idman idarəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə BOK-un setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev, MOK-un mətbuat katibi Murad Fərzəliyev və beynəlxalq proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmanov iştirak edib.
Qonağı salamlayan Çingiz Hüseynzadə Təhlükəsiz idman məsələsinin vacibliyini qeyd edib. O, son dövrlərdə idmanda təhlükəsizlik məsələsinin ön plana çəkildiyini və MOK olaraq bu sahəyə diqqətlə yanaşdıqlarını bildirib:
“Təhlükəsiz idman məsələsində sizin təcrübə və fikirləriniz bizim üçün çox maraqlıdır. Sizin dəstəyinizlə bu sahəni Azərbaycanda daha da genişləndirmək istəyirik. Tövsiyələriniz əsasında bu sahədə fəaliyyətimizi daha da artıracağıq”.
Tiene Vertommen ölkəmizdə səfərdə olmasından məmnunluğunu, ilk günlərdən Bakıda yüksək qonaqpərvərliyin şahidi olduğunu qeyd edərək, “Təhlükəsiz idman” layihəsinin iştirakçıları haqqında xoş sözlər deyib:
“Bakıda olduğum müddətdə Milli Olimpiya Komitəsinin Təhlükəsiz idman məsələsinə necə ciddi yanaşdığının şahidi oldum. Ölkənizə gəlməzdən əvvəl hiss etdim ki, Milli Olimpiya Komitəsi Azərbaycanda Təhlükəsiz idmanın daha da təşəkkül tapması üçün bütün mövcud imkanlarından istifadə etməyə hazırdır. Burada keçirdiyim görüşlərdə də bunun bir daha şahidi oldum”.
Belçikalı mütəxəssis çıxışının sonunda Milli Olimpiya Komitəsinə Təhlükəsiz idman məsələsi ilə bağlı gələcəkdə AMADA, Azərbaycan İdman Akademiyası və UNICEF ilə daha yaxından birgə əməkdaşlıq etməyi tövsiyə edib.
MOK-un baş katibi Azər Əliyev ölkəmizdə idmanda təhlükəsizliyi əsas amillərdən biri kimi dəyərləndirərək, bu sahədə yüksək təcrübəli mütəxəssislərə daim ehtiyac olduğunu söyləyib:
“Paytaxtımızın qonağı olmağınız bizim üçün çox xoşdur. Görüş zamanı öz təcrübənizi yerli mütəxəssislərimizlə bölüşmüsünüz. Ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir. Bu da gənclərin sağlam cəmiyyətdə formalaşmasına zəmin yaradır. İdmanın sağlamlıqla yanaşı, həm də təhlükəli anları da var. Hesab edirəm ki, sizin bu təcrübələriniz yerli məşqçilərimizin fəaliyyətlərində böyük səmərə verəcək”.
Tədbirin sonunda Çingiz Hüseynzadə xanım Tiene Vertommenə MOK-un xüsusi hədiyyəsini təqdim edib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Tiene Vertommen Bakıdakı səfərinin ilk günündə “Təhlükəsiz idman” lahiyəsinin komandası ilə müzakirələr aparıb.
O, Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu və AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə ilə görüşüb.
Səfərin ikinci günündə Tiene Vertommen UNICEF nümayəndələri arasında təşkil olunan tədbirdə iştirak edib. Daha sonra Azərbaycan Gimnastika Federasiyası rəsmiləri və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev ilə bu mövzuda müzakirələr aparıb.