Beynəlxalq Olimpiya Komitəsi (IOC) bəzi dövlətlərə təşkil etdikləri böyük yarışlarda müəyyən ölkələrin iştirakına siyasi səbəblərdən qadağa qoyduqları üçün xəbərdarlıq edib.
"Report"un məlumatına görə, IOC bu yaxınlarda baş vermiş iki insidenti xatırladıb.
Bunlardan biri Malaziyada keçirilmiş skvoş üzrə komandalararası dünya çempionatı üçün İsrail idmançılarına viza, digəri isə Serbiya hökumətinin Kosovoya boks üzrə dünya çempionatında iştirak icazəsi verməməsidir.
Ali qurumdan bildirilib ki, belə siyasəti davam etdirəcəkləri təqdirdə, Malaziya, Serbiya və digər ölkələr, Olimpiya Xartiyasını pozduqları əsas gətirilərək, böyük tədbirlərə təşkilatçılıq hüququndan məhrum ediləcəklər.
IOC dövlət rəhbərlikləri ilə birgə qərarın qəbul olunmasından ötrü Malaziya və Serbiyanın milli olimpiya komitələri ilə işləməyə davam edəcək. Qurum lazımi təminatlar əldə olunana qədər ölkələrin beynəlxalq idman yarışlarına ev sahibliyi etmələrinə qadağa qoyulacağını da diqqətə çatdırıb.
Qeyd edək ki, Malaziya və İsrail arasında diplomatik əlaqələr yoxdur. Bu səbəbdən, İsrail vətəndaşlarının Malayziyaya girişi qadağan edilib. 2019-cu ildə para-üzgüçülük üzrə dünya çempionatı Malaziyadan alınıb və yarış Böyük Britanıyanın paytaxtı Londonda gerçəkləşib. Buna onların israilli idmançılardan imtina ilə bağlı hədələri səbəb olub.
Serbiya hökuməti isə 25 oktyabr - 6 noyabrda Belqradda təşkil olunmuş boks üzrə dünya çempionatına Kosovo yığmasının qatılmasına ən azı üç dəfə razılıq verməyib. Bu isə Beynəlxalq Boks Assosiasiyası və IOC-un tənqidləri ilə qarşılanıb. Yalnız Beynəlxalq Cüdo Federasiyası İranı İsrailə qarşı mövqeyi ilə əlaqədar təşkilatçılıq hüququndan məhrum edib.