Beynəlxalq Olimpiya Komitəsi 2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı mühüm qərar qəbul edib

Beynəlxalq Olimpiya Komitəsi 2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı mühüm qərar qəbul edib Bakı şəhəri 2016 və 2020-ci il olimpiadaları uğrunda mübarizədə "short list"ə düşə bilməyib
Fərdi
3 Avqust , 2015 09:48
Beynəlxalq Olimpiya Komitəsi 2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı mühüm qərar qəbul edib

Bakı. 3 avqust. REPORT. AZ/ Beynəlxalq Olimpiya Komitəsi (İOC) 2024-cü il Yay Olimpiya Oyunlarına ərizələrin qiymətləndirmə sistemini dəyişdirib. "Report"un məlumatına görə, İOC namizədlərin final siyahısının ("short list") formalaşdırılma qaydasını ləğv edib.

Bu qərar Oyunlar uğrunda çoxlu sayda şəhərin sonadək mübarizə aparmasına imkan verəcək. Qurumun olimpiadalar uğrunda icraçı direktoru Kristof Dübi deyib: "Hətta çoxlu sayda ərizə gözlənilsə belə, bu problem bizə xoş olacaq".

Bir müddət öncə Avropanın 4 şəhəri 2022-ci il Qış Olimpiya Oyunları uğrunda mübarizədən çəkilib. Nəticədə Almatını (Qazaxıstan) 44:40 səs nisbəti ilə qabaqlayan Pekin (Çin) qalib olub.

Əvvəllər sentyabrın 15-dək olimpiada uğrunda mübarizə aparacağını elan etmiş şəhərlərin 2016-cı ilin aprel-mayınadək "short list"i elan olunurdu. Bakı şəhəri 2016-cı və 2020-ci il Yay Olimpiya Oyunlarına iddiaçı olsa da, məhz bu mərhələni keçə bilməmişdi. İndi isə iddiaçı şəhərə sonadək mübarizə imkanı yaradılıb.

Qeyd edək ki, hələlik 2024-cü il olimpiadasına Hamburq (Almaniya), Paris (Fransa), Roma (İtaliya) və Budapeşt (Macarıstan) şəhərləri ərizə verib. ABŞ Milli Olimpiya Komitəsi Bostonun namizədliyini geri götürüb. Təşkilatçı şəhərin adı 2017-ci ildə açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi